Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nişastalı qidalar arıqlamağa kömək edir - Yeni araşdırma

  • 2024.02.28 13:36
  • 829 Baxış
Nişastalı qidalar arıqlamağa kömək edir -  Yeni araşdırma
Aparılan araşdırmalar kökəltdiyi iddia edilən qida növünün əslində arıqlamağa kömək edə biləcəyini üzə çıxarıb.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, gündə 40 qram dözümlü nişasta qəbul edən insanların 8 həftə ərzində təxminən 6 kiloqram arıqladığı müəyyən edilib.

Yulaf, bütöv dənli taxıllar,yaşıl banan və lobyada bol miqdarda olan dözümlü nişasta yağ yandırma prosesini sürətləndirir. Bildirilir ki, quru lobya yeməyini 1 dilim bütöv dənli buğdadan hazırlanmış çörəklə yemək unikal və doyurucu pəhriz yeməyi hesab oluna bilər.

Şanxay Klinik Diabet Mərkəzində artıq çəkidən əziyyət çəkən 37 könüllüyə ümumilikdə 16 həftə ərzində hər gün üç dəfə əvvəlcədən hazırlanmış yemək verilib. İştirakçılardan gündə iki dəfə 300 ml suda qarışdırılmış nişasta tozunu istehlak etmələri də istənilib. Tədqiqatın birinci qrupunda yer alanlar 40 qram dözümlü qarğıdalı nişastası istehlak edib. “Nature Metabolism” jurnalında dərc edilən nəticələrə görə, dözümlü nişasta qəbul edən həmin qrupdakılar arıqlayıb, digər qrupdakıların isə çəkisində heç bir əhəmiyyətli dəyişiklik olmayıb.

“Biz dözümlü nişastanın arıqlamağa kömək edə biləcəyini göstərdik. Bu, bağırsaq mikrobiotasının tərkibindəki dəyişikliklərlə bağlıdır", - deyə tədqiqatçılar qeyd ediblər.

Onların sözlərinə görə, incə bağırsaqda asanlıqla həzm olunan adi nişastadan fərqli olaraq, dözümlü nişasta bu prosesdən xilas olur və birbaşa yoğun bağırsağa keçərək orada fermentasiyaya məruz qalır. Beləliklə, bağırsaqlarda yaşayan trilyonlarla faydalı bakteriyanı qidalandırır. Çinli tədqiqatçıların nəzəriyyəsinə görə, arıqlama nəticələrinin arxasında bu reaksiya dayanır.

Tədqiqatlar, həmçinin göstərir ki, eynilə lif kimi dözümlü nişasta da insanlara doyğunluq hissi verir.

Qidalarda dözümlü nişastanın miqdarı onların necə istehsal olunduğuna, hazırlanmasına və bişirilməsinə, həmçinin yenidən isidilmə prosesinə əsasən dəyişir.

Harvard təhsilli dietoloqlardan birinin fikrincə quru paxlalılar dözümlü nişastanın ən yaxşı mənbələrindən biridir. Onlar bişirildikdə belə ehtiva etdikləri dözümlü nişastadan kifayət qədər faydalanmaq olur.


Gül