Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb.
Medicina.az xəbər verir ki, ötən il Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 20 716 uşaq dünyaya gətirilib. Bu rəqəm 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub.
Son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı bütün diri doğulanların 16,5 faizini təşkil edib.
2018-ci ildə isə nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı ölkədə bütün diri doğulan uşaqların 14,9 faizini təşkil edib ki, bu göstərici də 2014-cü il üzrə eynilik təşkil edib. 2014-cü ildə nikahda olmayan qadınlar tərəfindən 25 486 uşaq dünyaya gətirilib ki, onun 14,9 faizini rəsmi nikahı olmayan qadınların dünyaya gətirdiyi uşaqlar təşkil edib.
Nikahsız qadınların dünyaya gətirdiyi uşaqlar daha çox kənd yerlərində dünyaya göz açıb.
2013-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 10 892 nəfəri şəhər, 14 177 nəfəri kənd, 2014-cü ildə 9772 nəfəri şəhər, 15 714 nəfəri kənd, 2015-ci ildə 9411 nəfəri şəhər, 14 627 nəfəri kənd, 2016-cı ildə 9592 nəfəri şəhər, 16 696 nəfəri kənd, 2017-ci ildə 8167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşüb.
2018-ci ildə isə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən şəhər yerlərində 7509, kənd yerlərində 13 207 uşaq dünyaya gətirilib. (trend)