"Neyrocərrahlığın müasir problemləri” mövzusunda konfrans keçirilib
"Neyrocərrahlığın müasir problemləri” mövzusunda konfrans keçirilib
2019.05.11 11:35
8777 Baxış
Bu gün Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə klinikasında "Neyrocərrahlığın müasir problemləri” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.Medicina.az-ın məlumatına görə, konfrans Azərbaycan Tibb Universiteti Neyrocərrahlıq Kafedrasının yaranmasının 50 illiyinə həsr olunub.
Neyrocərrahiyyə kafedrasının müdiri, professor Sabir Etibarlı çıxışında bildirib ki, Azərbaycanda neyrocərrahiyə sahəsində ilk dəfə beynəlxalq elmi konfrans keçirilir: "Konfransın məqsədi Azərbaycanda çalışan bütün neyrocərrahları bir yerə toplamaq və dünyada neyrocərrahiyyə sahəsindəki yeniliklərlə həmkarları tanış etməkdən ibarətdir.
Konfransda neyrocərrahlarla yanaşı, digər sahənin mütəxəssisləri də çıxış edəcəklər".
Kafedra müdiri konfransda xaric qonaqların iştirak etdiklərini qeyd edib: "London Universiteti, Sent-Jorc xəstəxanasının əməkdaşı, professor Henri Marş, Türkiyədən professor Nejat Akalan, professor Erkan Kaplanoğlu, dosent Özkant Tekli, Ukraynadan professor Nikolay Aleksandroviç Zorin, professor Bəhram Pərviz Milani və başqaları iştirak edirlər".
London Universiteti, Sent-Jorc xəstəxanasının əməkdaşı, professor Henri Marş neyrocərrahiyyənin çox çətin, bəzən acılarla dolu olduğunu qeyd edib: "Amma bunun iki kompensasiyası var: biri xəstələr sağ alandan sonra onları görməkdir. İkincisi isə beynəlxlaq neyrocərrahlar ailəsinin üzvü olmaqdır. Çox qürurvericidir ki, müxtəlif mədəniyyətlərin nümayəndəsi olaraq doktor kimi birlikdə çalışa bilirik".
Professor Nejat Akalan, professor Erkan Kaplanoğlu, professor Nikolay Zorin də çıxışlarında neyrocərrahiyə sahəsində belə bir konfransın keçirilməsini yüksək qiymətləndiriblər.
Sonra uzun illər neyrocərrahiyə sahəsində çalışan qocaman həkimlər mükafatlandırılıblar.
Konfrans məruzələrlə davam edib.