Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Necə oldu ki, mən koviddən ölməmişəm – Təbib və Səhiyyə Nazirliyi üçün xəstə kimdir?

  • 2021.11.23 15:41
  • 2208 Baxış
Necə oldu ki, mən koviddən ölməmişəm    – Təbib və Səhiyyə Nazirliyi üçün xəstə kimdir?


Kovid pandemiyasının 3-cü və ya 4-cü dalğasını yaşadığımızı dəqiq bilmirik, amma fakt budur ki, budəfəki dalğa əvvəl yoluxmayan böyük bir kütləni cənginə aldı.

Medicina.az xəbər verir ki, tanınmış media PR menecer Azər Nəzərov kovid mücadiləsi zamanı cavabdeh qurumların fəaliyyətində rastlaşdığı çatışmazlıqlardan yazıb. O, kovidə qalib gəlməsində ailəsi və dostlarına minnətdar olduğunu bildirib. Lazımi qurumlar isə ancaq zəng edib, təhdid etməklə məşğuldur.


“Əvvəlcə ordan başlayım ki, baxmayaraq ki, bu Covidə yoluxduğum dövrdə əzrayıl bir neçə dəfə gecələr gəlib başımın üstünü kəsdirib nəsə dodağının altında mırıldanırdı, mən isə sözümün üstündə durdum və ölüb falan etmədim. Əzrayıla izah etdim ki, iş tökülüb qalıb, indi ölmək vaxtı deyil.

Sağalmışkən əslində istərdim ki, burda qəşəng bir tərifnamə yazıb xəstəliyim dövründə dövlətin Covidə cavabdeh olan qurumlarının sonsuz diqqətindən bəhs edib, bir- bir də adlarını təqq edərək onlara təşəkkürümü bildirim. Altından da sözü gedən qurumların nümayəndələri girib yaza ki, “Azər, şükür ki sağaldın, hər bir vətəndaşın sağlamlığının qeydinə qalmaq bizim əsas məqsədimizdir. İnanırıq ki, birgə mübarizəmiz nəticəsində bu xəstəliyə ölkə olaraq qalib gələcəyik, özünü qoru, daha xəstələnmə ” falan filan… Amma ki yaza bilmirəm.

Çünki bu Covid vaxtında başa düşdüm ki, Təbib, Səhiyyə Nazirliyi üçün mən vətəndaş olaraq bir datadan başqa bir şey deyiləm. Ciddiyəm, sadəcə statistika!

Misal: Covid 19 virusu sənin organizmində aşkarlanıb və sənə hədə dolu hansısa sanitar epidomoloji və nə bilim nəsə adlanan bir idarədən bir neçə dəfə zəng gelir və salamsız- kəlamsız Azərdir? Soyadın Nəzərovdur? Harda yaşayırsan Sən? Hansı ərazidir ora? işlədiyini yeri de və s. tipində sərt bir danışığın ardınca elə özünə gəlmək istəyirsən ki, bir də baxırsan ki, its.gov.az-dan bir mesaj gəlib ki, testin poztivdir, yaşayış yerini tərk etsən inzibati xətalar, cinayət məcəlləsi və s. görə məsuliyyətin var. İnsafən, amma heç olmasa sms-də hörmətli, xahiş olunur kimi ifadələrdən istifadə ediblər.

Amma hədəsi bol, qayğısı isə sıfır idi. Onsuz da məlum virusa yoluxduğuna görə panik vəziyyətdində olan xəstəni sakitləşdirmək əvəzinə, onun belə hədələrlə panikasının dərəcəsinin artırılmasının mahiyyəti nədir ki? Əslində, bu zəngin də, Smsin də sonuna “tezliklə sağalmağınızı arzu edirik”, “tezliklə sağalacağınıza inanırıq”, “birgə bu virusa qalib gələcəyimizə inanırıq” və bənzəri kimi motivasiya edici ifadə elavə etmək bu qədərmi çətindir?

Keçim ona ki, əgər Covidə yoluxmusunuzsa, özünüzü necə sağaltmalısız. Metod çox sadədir. Nə TƏBİBdən, nə də Səhiyyə Nazirliyindən bir şey gözləmirsiz. Ümumiyyətlə qaynar xəttə zəng vurmağı ağlınızın ucundan belə keçirmirsiz, çünki ora düşən deyilsiz. Yox, əsla elə düşünməyin ki, bunları demeklə həkimlərimizi pisləyirəm! Azərbaycanda çox möhtəşəm həkimlər var və sizi sağaldacaq olan da məhz o möhtəşəm həkimlərin müalicəsidir, amma bu həkimlərin sözü gedən qurumlara bir aidiyyatı yoxdur. Bu qurumların işi ancaq menecmentdir. Onlar isə səhiyyənin imicini qaldırmaq əvəzinə, nəsə başqa şey edirlər.


Nə isə, girirsiz Whatsappa və yaxınlarınızı, dostlarınızı xəbərdar edirsiz ki, xəstələnmisiz. Vəssalam! Özünüzü buraxırsız dostlarınızın, yaxınlarınızın qollarına. Onlar sizin qeydinizə qalacaq, həkim də tapacaq, qapınıza yeməkləri də qoyacaq, vaxtı vaxtında sizə zəng də vurub, sizinlə maraqlanacaq da. Hətta dərmanları da sizə alıb gətirəcəklər, əgər dərmanları almağa pulunuz yoxdursa, hansı ki bu müalicə təxminən 2000-2500 AZN arasına başa gəlir, inanıram ki, dostlarınızın, yaxınlarınızın içində Sizə maddi dəstək olanlar da tapılacaq. Amma bu dəstəyi Dövlətin Covidə məsul olan qurumlarından gözləsəniz, ehtimal ki, biz Sizin halvanızı nuş edəcəyik. Uzun sözün qısası, Allah içində mənim olmaqla hamının dostlarının və yaxınlarının canını sağ etsin, heç birini həyatımızdan əskik etməsin.
Dövlətin Covidə cavabdeh olan qurumları isə özlərinə bəzi sualları verməlidirlər.


Covidə yoluxana psixoloji dəstək əvəzinə niyə stress yaşadılır? Dövlət Covidə yoluxanların müayinə və müalicəsini niyə öz hesabına faktiki olaraq etmir və ya edə bilmir? Bəs bu halda xəstə nə etməlidir? Adicə sahə həkimlərinin xəstəliyə yoluxanları vaxt-vaxtında da olmasa, arada bir axtarması, tövsiyə verməsi niyə təşkil oluna bilmir? Xəstələr niyə artıq xəstəxanalara getmək yox, borc xərclə də olsa öz evlərində müalicə olmağa çalışır? Onları xəstəxanaya getməyə qorxudan nədir? Niyə dərmanlar pulsuz verilmir? Ən əsası indiyə qədər məlum xəstəlikdən ölənlərin neçə faizi müalicə və müayinə üçün ehtiyac duyulan məbləğə sahib olmadığı üçün həyatını itirib?

Suallar çoxdur. Heç olmasa, sabahdan TƏBİB-in tətbiqinə də, o sms-in sonuna da və digər bütün kommunikasiya vasitələrinizə bir azca, amma bir azca diqqət və qayğı yükləyin".