Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Naxçıvanda koronavirusla bağlı dərman ehtiyatı yaradıldı

  • 2020.03.06 14:09
  • 2167 Baxış
Naxçıvanda koronavirusla bağlı dərman ehtiyatı yaradıldı
Naxçıvan Muxtar Respublikasında tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb.


Muxtar Respublikanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Medicina.az-a verilən məlumata görə, xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədilə hava limanının tibbi heyəti tərəfindən muxtar respublikaya gələnlər arasında xəstəliyə şübhəli bilinən şəxslərdə müayinə və termometriya müşahidəsi təşkil edilib. Xəstəlik müşahidə edilərsə, onların hospitalizasiyası, karantinə alınması və stasionar müalicəyə götürülməsinə şərait yaradılıb. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb.

Bildirilib ki, məktəb həkimləri tərəfindən mövsümi respirator xəstə­lik əlamətləri müşahidə olunan şagirdlər ərazi üzrə poliklinikalara yönləndirilir. Eləcə də tibb otaqlarının zəruri tibbi vasitələr ilə təchiz olunmasına nəzarət artırılıb.

Ümumtəhsil və peşə məktəblərində tədris prosesi mart ayının 4-dən 9-dək dayandırıldığından təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları hazırda bütün təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayırlar.
Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu, epidemioloq köməkçiləri, dezinfektor təlimatçıları mövsümi virusların yayılma ehtimalına qarşı şəhər orta məktəblərində dezinfeksiya işləri aparırlar. Bu tədbir uşaq bağçalarında, musiqi məktəblərində, kolleclərdə, ali təhsil müəssisələrində də həyata keçirilir.

Martın 10-dək Naxçıvan Regional Peşə Tədris Mərkəzi, lisey və kolleclər, uşaq bağçaları, musiqi və idman məktəbləri, ali təhsil müəssisələri, avtobus və dəmiryol vağzalları, hava limanı, şəhər məscidləri və mərasim zalları, muzey və kitabxanalar da dezinfeksiya tədbirləri ilə əhatə olunacaq.

Tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun şəhər və rayon təşkilatları tərəfindən əhalinin sıx məskunlaşdığı yerlərdə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir.