Yeni istifadəyə verilmiş Respublika Narkoloji mərkəzə direktor təyin olunmuş, psixiatr Araz Manuçöhri – Lalei narkomanların müalicəsində nəzərdə tutulan yeni proqramlardan danışıb.
Medicina.az 1 news.az-a istinadən müsahibənin bir hissəsini təqdim edir.
Siqaret çəkmək rəsmi tibb tərəfindən narkomaniyanın bir forması hesab edilir.
-Araz həkim, ilk olaraq, onu deyim ki, sizin narkoloji mərkəzə rəhbər təyin olunmağınız birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə yazdılar ki, psixiatr narkoloji dispanseri necə idarə edəcək?
-Ümumiyyətlə, narkologiya ilə psixiatriyanı bir-birindən ayırmaq kökündən yanlışdır. Bu ənənə yalnız MDB dövlətlərində müşahidə olunur.
O ki, qaldı mənə, mənim fəaliyyətim bu sfera ilə bağlıdır. Çünki hələ 1990-cı ildə Məhkəmə psixiatriyası İnstitutunun elmi dərgisində elmi məqaləmi dərc etdirmişdim: O, " Alkoqoldan istifadə edən hərbçilər arasında intihar halları” mövzusunda idi. Daha sonra narkomanlar arasında intihar barədə, 1997-ci ildə isə " Həşiş istifadəçilərinin ictimai təhlükəli hərəkətləri” mövzusunda dissertasiyamı müdafiə etdim.
Bu sahə ilə bağlı çox sayda elmi yazılarım, araşdırmalarım olub, xarici ölkələrdə konfranslarda iştirak etmişəm. Və nəhayət, 28 ildir ki, psixiatriya kafedrasında " narkologiya” fənnini tədris edirəm.
-Deyirlər ki, keçmiş narkoman olmur, yəni narkomaniyadan tamamilə xilas olmaq mümkün deyil, ona görə, niyə onların müalicəsinə çoxlu vəsait xərclənməlidir ki?
-Bu çox səhv stereotipdir, onu dəyişmək lazımdır. Dünyada narkotik asılılıqdan tamamilə xilas olan çox sayda insan var. Bu bir iradə məsələsidir. Elə insan var adi siqareti tərgidə bilmir. Əgər iradəsini yumruq kimi sıxsa, tərgitsə, inanın, həmin ərəfədə çətinlik çox az müddət çəkir, lakin ondan sonra sevinc, xoşbəxtlik hissi daha parlaq və güclüdür.
-Siqaret çəkməyə həddən artıq aludəçiliyi zəif də olsa narkomaniya hesab etmək olarmı?
-Bəli, siqaret çəkmək rəsmi tibb tərəfindən narkomaniyanın bir forması hesab edilir.
-Son zamanlar mətbuatda marixuananın insana zərərindən çox, faydaları barədə informasiyalar yayılır. Və bir çox ölkələrdə açıq satışına başlanılır. Bununla razılaşırsızmı?
-Bu da bir mifdir. Ot çəkməyin ziyansız olması sübut olunmayıb. Marixuana ilə hansısa xəstəliyin müalicə olunması da tam informasiya deyil. Siz unudursuz ki, marixuana əldə olunan kannabis bitkisinin tərkibində zəhərləyici maddə olan delta 9-u ondan çıxara bilsək, o zaman marixuana həqiqətən bir sıra xəstəliklərdə dərman kimi tətbiq oluna bilər. Ən pisi odur ki, çəkilən marixuanada bütün faydalı maddələr uçub gedir, yalnız o zəhərləyici və bihuşedici maddə qalır. O isə orqanizm üçün çox zərərlidir.
Burda bir həqiqəti dərk etmək lazımdır: heç bir narkotika, marixuana, hətta daha ağır vasitələr insanı dahiyə çevirmir, xoşbəxt etmir, onun zehnini aydınlatmır. Əgər bir insanın başı boşdursa, marixuanadan sonra da o başda heç nə yaranmayacaq. Yox əgər insanın hər hansı qabiliyyəti, ideyası varsa, narkotika sadəcə psixoloji süni baryerləri aşmağa kömək edir.
Tüstü ilə başlayıb, iynə ilə bitirirlər. Onların qəbulu ciddi psixi pozuntular, hallüsinasiyalar yaradır.
Bu pozuntular isə şizofreniyadan da çətin müalicə olunur.
- Bəs sağlam insan özü bu baryerləri aşıb, necə özünü göstərə bilər. Bunun üçün mütəxəssisə müraciət etməlidirsə, buna da vaxt, pul lazımdır. Amma bir ot çəkib, şedevrlər yaratmaq daha əlçatan və asandır.
- Təəssüf ki, çoxları bu cür düşünür və bu yolu seçir. Ona görə daim maarifləndirici işlər aparılmalıdır.
- Hər hansı narkotik vasitə növünün seçilməsi nədən asılıdır: çəkənin statusu, yaşı və ya maddi imkanından. Hazırda ən geniş yayılanlar hansılardır?
- Müxtəlifdir, bu trend, dəb halını da alır. Daha çox asan əldə olunanlar seçilir. İndi " şüşə” adlanan metamfematinlər qrupuna aid vasitə və " kokos” adlanan heroin növü yayılıb. Hər ikisi sürətli alışqanlıq və güclü asılılıq yaradır. İlk dəfə narkotik vasitəni falqada tabletləri əzib yandırmaq və tüstüsünü udmaqla istifadə edirlər. Ona görə bu narkotikə hətta istifadəçinin sadəcə yanında olan, çəkməyən insan da " otura” bilər.
Metamfetamin stimuləedici təsirə malikdir, dərhal güc, enerji verir, lakin hər dəfə dozanın artırılması şərtilə. Yəni tüstü ilə başlayıb, iynə ilə bitirirlər. Onların qəbulu ciddi psixi pozuntular, hallüsinasiyalar yaradır. Bu pozuntular isə şizofreniyadan da çətin müalicə olunur. Bir sözlə, zərərsiz, guya faydalı hesab olunan adi marixuana belə şizofrenik prosesləri provakasiya edir.
- Bütün bunlar qorxulu səslənir. İnsan bunları yaşamaq istəməz. Bəs nəyə görə dünyada və ölkəmizdə hələ də narkomaniya halları artır və ciddi problem olaraq qalır?
- Ona görə ki, uzun müddət narkologiya problemləri cəmiyyətdən uzaq tutulub, gizlədilib, insanlar maksimum bunu sirr kimi saxlamağa çalışıb, müzakirəsi belə az qala günah hesab edilib. Müstəqillik qazandıqdan sonra ölkədə problemə problem kimi baxılıb və həlli üçün işlərə başlanılıb. Narkomaniya ilə mübarizə çox ağır, uzun işdir, buna cəmiyyət özü dəstək verməli və kompleks tədbirlər həyata keçirilməlidir.
- O zaman yeni rəhbər kimi planlarınızı bölüşün.
- İlk növbədə artıq başladığımız işləri deyim ki, Metadon terapiya proqramına start vermişik. Metadon – sintetik opiatdır, bu preparat artıq narkotiklərdən yaxa qurtara bilməyən və alternativ müalicə metodları və reabilitasiyaya cavab verməyən şəxslər üçün yaradılıb. Kobud formada desək, preparat " lomkanı” aradan qaldırır, amma bihuşedici effekt vermir. Onu qəbul etdikcə doza azaldılır və müəyyən müddətdən sonra tamam ləğv olunur. Bu proqram bizə narkotik asılılığı zamanla minimuma endirməyə və narkotik təsir altında cinayətlərin törədilməsinin qarşısını almağa imkan verəcək. Eləcə də infeksiyalar, veneroloji xəstəliklərin yayılmasında effekt göstərəcək.
Metadonun tətbiqi qara bazarda narkotik vatisələrin dövriyyəsini də azaldacaq. Narkoman insan artıq ot, iynə satan diler və satıcıları, buna lazım olan pulu axtarmağa ehtiyac duymayacaq. Sadəcə Narkoloji mərkəzə gəlib, lazımi dozada Metadonu alıb tətbiq edəcək. Bu isə pulsuz başa gələcək.
- Metadon iynə ilə narkotika qəbul edənlərə uyğundurmu?
-Bu preparat heroin, morfin, kodein, tiryək, həşiş, omonopon istifadəçilərinə uyğundur.
Eləcə də mərkəzdə pulsuz şpris və prezervativlərin verilməsi proqramı başlayıb. İlk növdəbə inyeksiya narkotik aludəçılərinə şprislər verilir ki, sonradan onlar bu şprisi xüsusi yerlərə atmalıdır.
- Bəs müalicə terapiyası pasiyentin seçimidir, yoxsa məcburi, həkim tərəfindən təyin olunur?
-Pasiyentin könüllü seçimidir. Məcburi müalicəyə o xəstələr cəlb olunur ki, onların cinayət törətmə təhlükəsi var, artıq cəmiyyət üçün potensial təhlükədir. Bu qərarı isə həkim yox, məhkəmə verir. Onu da qeyd edim ki, narkomanı güclə, məcburi müalicə etmək mümkün deyil.
- Keçmiş narkoloji mərkəzdə yanğın baş verən zaman yazırdılar ki, orda xəstələrin çoxunu çarpayıya bağlamışdılar, güclü iynələr vurub yatırtmışdılar, ona görə qaça bilməmişdilər. Bu nə dərəcədə doğrudur?
- Xeyr, heç kimi zəncirlə, iplə çarpayıya bağlamırlar. Bunlar şayiədir. Lakin bəzi təhlükəli hallarda həqiqətən pasiyenti çarpayıya fiksasiya etmək lazımdır. O xəstələr ki, özünə və tibb işçilərinə zərər vuracaq həddədir. Bəzən sakitləşdirici preparatlar effekt vermir, doza artırılması da mümkün deyil, ona görə məcburi bu metod seçilə bilər. Psixiatrik klinikalarda da xəstələrə qolu olmayan torba kimi köynəklər geyindirilir, bu da məcburiyyətdəndir.
O ki qaldı xəstənin çarpayıya bağlanması, bu halları daha çox evdə, ailə üzvləri edir. Xəstəni hospitəlizə edib, mərkəzdə müalicə etdirmək istəməyən ailə üzvləri məcbur olub bu metodu seçir.
-Lap İynə filmindəki kimi... Həqiqətən lomka zamanı effekt verirmi?
-- Ola bilər verir, ola da bilər letal sonluqla nəticələnsin, xəstə ölə də bilər. Həkim nəzarəti olmadan bunu etmək olmaz.
-Araz müəllim, yeni istifadəyə verilmiş Respublika narkoloji mərkəzdən danışardız.
-Yeni mərkəz tam müasir, dünya standartlarına uyğun, 400 yerlik xəstəxanadır. Burda qadın və kişi şöbələri ayrıdır. Eləcə də məcburi müalicəyə cəlb olunmuş xəstələr üçün də yer ayrıdır. Müayinə üçün bütün aparatlar var. Hətta cərrah, stomatoloq, iynəterapiya, psixoterapiya bölmələrimiz də açılıb.
Ən əsası mərkəzin laboratoriyasında ultramüasir xromatoqraf yerləşdirilib.
Metadin terapiyanın həyata keçirilməsi üçün də ayrıca bölmə var. Digər müalicə mərkəzlərinə metadin burdan paylanır.
Eləcə də bəzi dərman preparatları var ki, reseptsiz satılır, adi dərmanlardır,
onların qəbulundan sonra analizlər orqanizmdə narkotik maddənin olduğunu göstərir.
- Qeyd etdiyiniz, xromatoqrafın nə kimi əhəmiyyəti var?
-Bu cihaz çox yüksək dəqiqliklə insan orqanizmində olan narkotik maddənin miqdarını təyin edir, həmçinin onun qəbul olunma vaxtını, maddənin tərkibini deyir. Bu təsadüfən narkotik qəbul edən insanları da ayırd etmək üçün vacibdir:
Məsələn, bir insan marixuana çəkənlərin ortamına düşür, ömründə ilk dəfə bilərəkdən ya bilməyərəkdən ot çəkir. Əgər onu adi narkotik testi etsək, üstündən bir ay keçsə də sidik analizi göstərəcək. Xromatoqraf isə insanın düşdüyü hadisəni təyin etməyə imkan verir: bu adam həqiqətən istifadəçidir, yoxsa sadəcə yanında olub.
Eləcə də bəzi dərman preparatları var ki, reseptsiz satılır, adi dərmanlardır, onların qəbulundan sonra analizlər orqanizmdə narkotik maddənin olduğunu göstərir. O zaman bu adam haqqında narkoman olaraq düşünmək olmaz. Bu cihaz o maddənin dərmandan orqanizmə düşdüyünü dəqiqləşdirməyə də imkan verir.
-Yəni adi bir insan gözlənilmədən analizlərlə narkoman çıxa bilər, halbuki ömründə narkotik çəkməyib. Belə hallar cinayət hallarında, məhkəmə işlərində çox olur.
-Bəli, narkotik testi, sidik analizi ilə bu insan narkotik istifadəçisidir fikrinə gəlmək olmaz. Xromatoqraf ən düzünü göstərəcək. Onu aldatmaq mümkün deyil, yəni insan uydura bilməz ki, dərman içmişdim, ya dostlarım çəkirdi, mən tüstü uddum, ya ilk dəfə idi, xəbərim olmayıb.
-Dediz, mərkəzdə qadın şöbəsi ayrıdır. Azərbaycanda qadınlar arasında narkomaniya hansı həddədir? O doğrudurmu, qadın narkomaniyası və alkoqolizmi müalicə olunmur?
-Bu da yanlış stereotiplərdəndir. Kişilərə nisbətdə narkoman qadınlar çox azdır. Digər tərəfdən, qadın orqanizmi alkoqol və narkotikə çox həssasdır, dərhal təsir edir, alışır və öldürücü təsir edir. Bunlar sırf qadın fiziologiyası ilə əlaqəlidir. Amma dünyada narkotika asılılıqdan çıxmış, sağalmış qadın xəstələrin sayı daha çoxdur, nəinki kişilər.
Qadın ana olduğu üçün övladlarını düşünərək, daha çox iradə göstərir. Həm də narkoman və alkoqolik qadınlar cəmiyyətdə daha qınanır, təklənir, həm də onlara bu vasitələri əldə etmək kişilər kimi asan olmur.
-Bir həkim kimi narkoloq həkimlərin bu günkü fəaliyyətindən razısızmı? Narkoloq işləmək digər həkimlərdən daha çətindir.
-Məni narahat edən başlıca məsələ, narkoloq həkimlərin müdafiəzsiz olmasıdır. Onların hüquqlarını, hətta sağlamlıqlarını, həyatlarını qoruyacaq qanunlara ehtiyac var. Bir misal: pasiyent mərkəzə və ya yerli şöbəyə dozanı artırmaq üçün gəlir, doza artmayanda və ya qeyd olunan vaxtdan tez gələndə həkim dərmanı verməyəndə isterika yaradır, şantaj edir, özünə və ya kiməsə zərər verəcəyini bildirir, bunun da cavabdehliyini həkimin boynuna atacağını bildirir. Eləcə də pasiyent ailələri, yaxınları həkimləri təhdid edirlər.
Xəstəni mərkəzdən evə yazır, amma ailəsi istəmir. Güclə, daha uzun müddət xəstəxanada qalmasını tələb edir. Şantaj edirlər ki, ailədə kimisə vuracaq, öldürəcək, günahkar həkim olacaq. Bəzən xəstəni qəsdən qıcıqlandırırlar ki, cinayət etsin. Lakin həkimin xəstəni xəstəxanaya alması və saxlamasına ixtiyarı yoxdur. Məhkəmə qərarı olmalıdır. Xəstə yaxınları polisə də müraciət etmir, ona görə belə bir yol seçirlər ki, xəstə cinayət törədib həbsə düşsün, günahkar isə həkim olsun.
Belə halda narkoloq həkim normal işləyə bilərmi? Yox. Ona görə bu istiqamətdə işləmək lazımdır. İnsanlar narkoloji mərkəzin işi barədə dəqiq məlumata malik olmalıdır.
Qaynar xətt yaradılmasını, lazımi informasiyanı bir zənglə əldə etməyi təşkil etmək istəyirik. Çünki köməyə ehtiyacı olan, polisə və ya həkimə getməyə qorxan adamın zəng edəcəyi bir yer olmalıdır. Yerlərdə narkoloji xəstələrin reabilitasiyası proqramını genişləndirmək lazımdır. Xüsusi qrup – narkoloq, hüquqşünas, psixoloq xəstənin reabilitasiyasını əvvəldən sona kimi diqqətdə saxlamalıdır. Müalicə almış xəstədə sonradan residiv olmasın deyə belə dəstək çox vacibdir.
Eləcə də mərkəzin " Anonim alkoqoliklər” və " Anonim narkomanlar” təşkilatları ilə sıx əməkdaşlığı vacibdir və yaxşı effekt verə bilər.
Konullu ozu getmek istemeyen bir xesteni mecbur aparib mualice etmek mumkundurmu sizde?yani hekimlerle polislerle gelib evden aparmaq kimi.ele birwey ewitmiwdim bu dogru melumatdirmi?zehmet olmasa cavablandirin
Hergün gedib xestexanada derman içmek çox çetindir insanlar xeste halıyla hergün nece gedib gelsin bunun bir aylıq dozunu yazın verin evinde içsin dermanını herieyin imlansız olanın seçibşer
Salam men bılmek ıstıyırem kı bu xestexanadkı mualıceler hamısı yatılıdımı yoxsa gunluk mualıcede basladıla bıler yenı xetexanada yatmadan
Narkotikle bagli
Cox xaiw edirem menede meslehet verin komek edinki yoldawimi bu yoldan cekim cox yalvariram size