Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müharibədən sonra hərbçilərdə hansı psixoloji problemlər yaranır? - MÜSAHİBƏ

  • 2021.01.12 11:28
  • 2032 Baxış
Müharibədən sonra hərbçilərdə hansı psixoloji problemlər yaranır? -  MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov Vətən Müharibəsi qazilərinə göstərilən psixoloji yardım barədə müsahibə verib.

Medicina.az həmin müsahibəni təqdim edir.

- Müharibədə iştirak etmiş hərbçilərdə əsasən hansı psixoloji hallara rast gəlinir və bunların təzahür forması necə olur?

- Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olmuşdur. Stress reaksiyalarının yaranmasında və ağırlığında şəxsin fərdi təsirlənmə və özünü idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir. Əlamətlər tipik qarışıq və dəyişkən mənzərəyə malikdir və düşüncə və diqqət sferasının daralması ilə, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mümkünlüyü ilə ilkin “heyrət” halından ibarətdir. Bu hal ətraf vəziyyətdən “uzaqlaşma” (dissosiativ stupor halına qədər) və ya yüksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) müşayiət oluna bilər. Bu zaman adətən həyəcanın əlamətləri də (taxikardiya, həddən artıq tərləmə, qızarma) mövcud olur. Şəxsdə stress hadisəyə qarşı hissəvi və ya tam amneziya da baş verə bilər.

Hərbçilərin və əsgərlərin çoxunda kəskin stress reaksiyası əlamətləri kimi qıcıqlılıq, yuxusuzluq, "fleşbeklər" (müharibə görüntülərini dəfələrlə parlaq təəssüratlarla yaşama), səsə qarşı kəskin oyanıqlıq, emosional dəyişik reaksiyalar (müalicə aldıqları müddətdə döyüş və şəhid xəbərlərinə qarşı həssaslıq), mutizm (qısa müddətli nitqin itməsi) və müxtəlif psixosomatik şikayətlər olmuşdur.

- Posttravmatik stress pozuntuları ilə qarşılaşdığınızda hansı yardım prosedurları təklif olunurdu?

- Posttravmatik stress pozuntusu hər bir şəxsdə dərin stress törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciə xarakterli stress hadisəsinə təxirəsalınmış və ya yubanmış cavab kimi meydana çıxır. Belə ki, psixi sağlamlıq xidmətləri üçün müraciət edən hərbçilərdə və əsgərlərdə kəskin stress pozuntusu əlamətləri davamlı və uzunmüddətli olduqda posttravmatik stress pozuntusu diaqnozuna dəyişdirilir.

Psixoloji yardım üçün müraciət edən kəskin stress reaksiyası yaşayan bütün hərbçilərə və əsgərlərə ilkin psixoloji yardım göstərilirdi. İlkin psixoloji yardım kəskin stress əlamətlərinin azalması və tələbatların ödənilməsinə yönəlmiş mərhəmətli və dəstəkedici yardım növüdür. İlkin psixoloji yardım zamanı şəxslərə praktiki və emosional dəstək göstərilir, onların tələbatları və problemləri öyrənilir, əsas tələbatların ödənilməsinə yardım olunur və böhran vəziyyətinin qarşısı alınaraq insanlara stabil vəziyyətdə qalmağa kömək edilir. Bu isə hərbçiləri və əsgərləri gələcəkdə baş verə biləcək zərərlərdən qoruyur.

Posttravmatik stress pozuntusu diaqnozu təyin edilmiş hərbçilərə və əsgərlərə həm klinik psixoloqlar tərəfindən psixoloji yardımın müxtəlif növləri (psixoloji profilaktika, psixoloji konsultasiya, psixoloji dəstək, psixoterapiya), həm də psixiatrlar tərəfindən dərman müalicəsi təyin olunur. Psixoloji yardımın növü və dərman müalicəsi psixi problemin ağırlıq dərəcəsinə əsasən təklif edilir.

Bundan əlavə, posttravmatik stress pozuntusu diaqnozu təyin edilmiş hərbçilərə və əsgərlərə əsasən psixoloji yardımın psixoterapiya növü olan koqnitiv-davranış terapiyası (KDT) aparılır. KDT travmatik hadisənin hərbçidə və əsgərdə yaratdığı emosional, koqnitiv və davranış nəticələrinə yönəlmiş qısamüddətli və strukturlaşdırılmış psixoloji müdaxilədir. Bu zaman PTSP-dən əziyyət çəkən hərbçi və əsgərlər travmatik hadisə ilə bağlı xatirələri ilə, həmçinin travma ilə bağlı çəkinmə situasiyaları ilə idarə olunan və təhlükəsiz mühitdə üzləşdirilir (təsəvvür ekspozisiyası). PTSP-nin müalicəsində koqnitiv davranış terapiyası hərbiçilərə travmatik hadisə ilə bağlı əmələ gələ bilən təhrif olunmuş mənfi fikirləri, eləcə də özləri və ətraf mühit haqda uyğun olmayan, faydasız inancları müəyyənləşdirmək, aradan qaldırmaq və dəyişməkdə kömək edir.

- Müharibədən sonra hərbçilərimizdə qalan səksəkə, qorxu hissini necə aradan qaldırırsınız?

- Səksəkə və qorxu bir çox psixi pozuntunun əlaməti kimi özünü göstərə bilər. Buna görə də əvvəlcə hərbçi və əsgərlərdə diaqnozun dəqiqləşdirilməsi aparılır. Daha sonra ona uyğun psixi sağlamlıq xidmətləri təklif olunur.

- Psixoloji prosedurlar adətən neçə müddət aparılır və müsbət nəticələri neçə zamandan sonra əldə etmək olur?

- Hərbçilərə, əsgərlərə, onların ailələrinə və müharibədən xəsarət almış vətəndaşlara psixoloji problemlərin xüsusiyyətlərindən asılı olaraq psixoloji yardım müxtəlif müddətlərdə göstərilir. Müddətindən asılı olaraq şəxslərə təcili, qısa müddətli və uzun müddətli psixoloji yardım növləri göstərilir.

Təcili psixoloji yardım – böhran vəziyyəti, neqativ psixoloji gərginliyin aradan qaldırılmasına istiqamətlənmiş ilkin psixoloji yardımın təxirəsalınmadan göstərilməsidir. Qısamüddətli psixoloji yardım (12 məşğələyə qədər) psixoloji yardım alan şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla 3 ay müddətində ardıcıl şəkildə həyata keçirilir. Uzunmüddətli psixoloji yardım 12 məşğələdən çox müddət tələb edən psixoloji yardımın, o cümlədən psixoterapiya və ya psixoloji reabilitasiyanın həyata keçirilməsidir (3 aydan daha uzun müddət).

Qeyd edim ki, Azərbaycan Respublikasında psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 397 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

- Post-müharibə dövründəki psixoloji durumda qarşılaşdığınız ən çətin vəziyyət hansı olub?

- Müharibə bitdikdən sonra çətin psixoloji vəziyyət şəhid ailələrinin itkini qəbul etməsidir. Şəhid ailələrinin üzvlərində fəsadlaşmış hüzn reaksiyaları baş verir. Onlar hüznün şok və inkar, güclü emosiyalar, depressiya və itkinin qəbul edilməsi mərhələlərini yaşayırlar. Şəhid ailələrinin üzvlərində itkinin qayıtmayacağının dərk olunması çıxılmazlıq, emosional boşluq, kəskin tənhalıq hissləri doğurur. Onlarda eyni zamanda digər kəskin ifadə olunmuş affektiv reaksiyalar da müşahidə edilə bilər.

Fəsadlaşmış hüzn reaksiyası yaşayan şəhid ailələrinə interpersonal psixoterapiya (İPT) yardımı göstərilir.