Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Müharibədə alınan travmalar yuxusuzluq, iştahsızlıq, depressiya, panik atak yaradıb"- Türkiyədən gələn psixoloq

  • 2021.01.29 16:15
  • 1907 Baxış
"Müharibədə alınan travmalar yuxusuzluq, iştahsızlıq, depressiya, panik atak yaradıb" - Türkiyədən gələn psixoloq

Türkiyə Azərbaycanın ən ağır günündə yanında oldu, qoymadı ki, özümüzü kimsəsiz hiss edək. Qardaş ölkə bizi tək qoymadığı üçün xalqımız həm şanslı, həm də xoşbəxtdir. Bu qardaşlığı hər iki ölkə illərlə dişi və dırnağı ilə qazanıb. 44 günlük Vətən müharibəsində istər türk kanalları, istər rəsmi şəxslər, istərsə də tanınmış sənət adamları ordumuzun və xalqımızın apardığı mübarizəni durmadan dəstəklədi və hələ də dəstək olmağa davam edir. Sadaladıqlarımın sırasına indi də Türkiyənin tanınmış klinik-psixoloq və psixoterapevtləri qoşulub. Qazi və şəhid ailələrinin dəhşətli müharibə xatirələrini dinləyən mütəxəssislər hər bir hekayənin onlarda izlər buraxdığını bildirib. Qeyd edək ki, əsgərlərimizin sağlamlığı üçün türkiyəli mütəxəssislər Bakıda yerli psixoloqlarla birlikdə çalışır.


Medicina.az publika.az-a istinadən xəbər verir ki, həkimlərdən biri uzman, psixoloq Fəridə Canbek qazi və şəhid ailələrində ən çox rast gəlinən problemlərdən danışıb.


“Azərbaycan bu müharibədən parlaq qələbə ilə çıxdı. Lakin müharibənin ağır nəticələri xüsusilə əsgərlərə təsir edib. Müharibədə alınan travmaları yuxusuzluq, iştahsızlıq, depressiya, panik atak kimi problemlərə yol açıb. Bəzi xəstələr qeyri-müəyyən səslər eşitdiyini və ya görüntülər gördüyünü deyir. Bütün bu narahatlıqları aradan qaldırmaq üçün onların hər biri ilə fərdi məşğul oluruq”.

Ekspert müxtəlif müalicə üsulları və terapiyalardan istifadə olunduğunu vurğulayıb:

“Desensitizasiya, hipnoz və ya anksiyete üçün olan texnikalardan istifadə edirik. Ümumilikdə müalicə seansı insanın ehtiyaclarına görə müəyyənləşir. Xəstələrin nə zaman sağalacağını demək çətindir, çünki bu, şəxsin müalicəyə verdiyi reaksiyadan və hadisələrdən nə qədər təsirlənməsindən asılıdır. Bəzən 3 seansdan sonra yaxşı nəticələr əldə edirik, bəzi xəstələrdə isə 8-9 seansdan sonra da ciddi irəliləyişlər əldə etmək mümkün olmur. Heç bir xəstəyə demirik ki, 3 seansdan sonra sağalacaqsan. Belə yanaşma psixoterapiyanın müalicə prinsiplərinə ziddir”.

Psixoloqun qənaətincə, travma almış insanlara vaxtında göstərilən psixoloji dəstək gələcəkdə yarana biləcək problemlərin qarşısını ala bilər:

“Özlərini müharibəyə və zəfərə köklədikləri üçün hərbçilərin psixoloji dayanıqlılığı daha güclüdür. Savaş bölgələrində insanlar bir-birinə o qədər sıx bağlanır ki, bu, onların psixoloji dayanıqlılığına təsir edir. Gələn xəstələr sadəcə acı xatirələrini deyil, pozitiv məqamları da bizimlə bölüşür. Mərd dostlar qazandıqlarını deyirlər, bir-biri ilə hələ də xəbərləşirlər. Bakıya gələrkən həyəcanlı idim, indi əminəm ki, gözəl duyğularla tərk edəcəm. Azərbaycanın qəhrəman oğullarına yardım etmək fürsəti qazandığım üçün özümü xoşbəxt hesab edirəm. Üzülərək gələn insanlar gülərək ayrılır. Bu, bizi çox sevindirir. Türkiyədən bunun üçün gəldik, istəyirik ki, onlarla birlikdə ayağa qalxaq”.



Mütəxəssis onu da qeyd edib ki, dinlədiyi hekayələrdən təsirlənməməsi mümkün deyil:

“Həmkarlarımızla birlikdə özümüz də ayrı bir terapiyadan keçirik. Bir-birimizə dəstək olduğumuz üçün bu durumu asanlıqla aşırıq. Əlbəttə ki, ağır hekayələri dinləyərkən sarsılmamaq mümkün deyil, xüsusilə şəhid ailələrini... Psixoloji problemləri bir qədər dərin olan qazilərin aldığı travmalar onlara gecə-gündüz rahatlıq vermir. Amma psixoloqlar bu hekayələri başqalarına danışmağa meyilli deyil, bu məsələ həmişə anonimliyini gözləyir. Əldə edilən müsbət nəticələr sarsıntılarımızı aradan qaldırır, bu zaman hər kəsin motivasiyası artır.

Azərbaycan xalqı 30 il əvvəl ağır sınaq və böyük zülmlərdən keçdi. İndi əminliklə demək olar ki, Böyük Vətən müharibəsində əldə edilən zəfər xalqın aldığı o yaraları da sağaldacaq. Çünki bu zəfər xalqın qazancıdır, hazırda Azərbaycanda motivasiya yüksəkdir. Bu savaşı sizinlə birlikdə izləyir və bu zəfərlərdən biz də güc alırdıq. Sizinlə eyni duyğu dalğasında idik. Odur ki, əsgərlərə istənilən qədər dəstək olmağa hazırıq. Hər zaman sizinləyik”.