Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müharibə və pandemiya ilə əlaqədar revmatoloji xəstəliklər kəskin artıb - Həkimlə MÜSAHİBƏ

  • 2022.08.16 16:32
  • 15250 Baxış
Müharibə və pandemiya ilə əlaqədar  revmatoloji xəstəliklər kəskin artıb  -    Həkimlə MÜSAHİBƏ


Azərbaycanda pandemiyadan sonra sümük, əzələ, oynaq ağrıları, mütəmadi qızdırmalar və bir sıra digər xəstəliklərin kəskinləşdiyi müşahidə olunur.


Bunu həkimlər də etiraf edir. Bu gün Azərbaycanda artan xəstələr ordusunun bir hissəsi də revmatoloji xəstələrdir.
Təəssüf ki, ölkəmizdə revmatoloq həkim azdır. Bəzi xəstəxanalrda isə ümumiyyətlə, revmatoloq yoxdur. Məsələnin başqa bir tərəfi də var. Belə ki, revmatoloji xəstəliklər gizli inkişaf edir.


Onu müəyyən edə bilən, dəqiq diaqnoz qoyan həkimlərin də sayı çox deyil. Bir sözlə, Azərbaycan revmatoloji xəstəliklər üzrə aktiv ocağa çevrilir.

Məsələnin aktuallağını nəzərə alaraq medicina.az dəqiq diaqnozları ilə həkimlərin belə etibar etdiyi revmatoloq həkim Aygün Əhmədli ilə söhbətləşdi.



Stress autoimmun prosesləri oyadır. Xroniki stress illərlə davam edir.

Biz sinir sistemimizi müalicə etmək istəməyən xalqıq.



- Aygün xanım, autoimmun xəstəliklərin əsas səbəbi, özəlliyi nədir? Azərbaycanda bu sahədə vəziyyət necədir? Ən çox hansı xəstəliklər yayılıb?


- Autoummun xəstəliklər tək bizdə yox, bütün dünyada artıb. Amma təbii ki, 5-10 il əvvəl belə deyildi. Bunun da bir çox səbəbləri var: qidalanma, həyat tərzi, istifadə etdiyimiz məhsullar, oturaq həyat tərzi və ən çox da stress. Məsələn, Azərbaycanda müharibədən sonra şəhid anaları və xanımlarında kəskin auotoimmun xəstəliklər artdı. Bir çox xəstəmiz reqressiyada idi, müalicə almışdı. Müharibədən sonra vəziyyətləri yenidən kəskinləşdi.

Tibb universitetində professor bizə deyirdi ki, sən həkim kimi təcrübəndə cəmi bir sklerodermiya - sistem skleroz xəstəsi görəcəksən, amma biz indi ayda 5 belə diaqnoz qoyuruq.

Şəhid və qazi anaları, onların həyat yoldaşlarının bir çoxu sress səbəbindən revmatoloji xəstəyə çevrildilər. Müharibə bölgəsində yaşayanlar, gənclər, uşaqlar belə partlayış səsləri və gərginlikdən bəzi sistem xəstəliklərinə tutuldular.

Xroniki stress illərlə davam edir. Biz sinir sistemimizi müalicə etmək istəməyən xalqıq.
Xəstəyə "psixiatra, psixoloqa get" deyəndə qulaqardına vurur. Psixiatr adı gələn kimi deyirlər, dəliyik ki gedək.


Artroz xəstəmiz gəlib, qızı deyir, anamın gözünə arada qarabasmalar görünür. Deyirik, psixiatra aparın, əlimizlə göndəriş yazırıq. Çünki autoimmun xəstəliklər özü də psixoloji gərginlik verir. Deyir, anam dəli deyil ki. Yəni bu xəstələrin mülaicəsini revmatoloql bilmir. Belə xəstələr stressə qarşı müalicə almalıdırlar.

Almaniya və Türkiyədə belə deyil. Xəstəyə psixiatr konsultasiyası yazan kimi könüllü şəkildə gedirlər. Psixiatra getmək ayıb deyil. Həmin ölkələrdə əksinə, özləri tələb edirlər, həkimin sözünü dinləyirlər. Çünki sağalmağın bir yolu var: həkimi dinləmək.

Xaricdə revmatoid artrit məktəbləri var. Xəstəni maarifləndirmək, ruhlandırmaq üçün o qruplara yazırlar. Onlar yığışır, bir- birlərinə dəstək verir, hətta əlil olsalar da üzülmürlər, psixolji cəhətdən möhkəm olurlar. Tək olmadıqlarını görürlər. Bizdəsə xəstə öz dərdi, ağrısı ilə evində təkbaşına qalır. Ağrıyanda bilmir, dərdini kimə desin.


Bu gün Azərbaycanda fibromialgiya çox yayılıb. Onun birinci müalicəsi i dərnəklərdə qrup məşğələləridir. Qrup oyunları, qrup gimnastikaları. Onlarla müəllimlər, psixoloqlar məşğul olur. Fibromialgiyanın dərmanı idman zalındadır. Xaricdə bütün xəstələr gedirlər. Amma bizdə kimə deyirik ki, idmana yazıl, getmir. Elə deyir, dərmanımı ver, evdə işim var, ailəm var, problemim var. Ona görə illərlə əziyyət çəkirlər. Fibromialgiya xəstələrinin 90%-i qadınlarımızdır. Eyni yeknəsək iş, evin dərdi, ailənin dərdi. Deyirəm qadın zalına yazıl, fitnesə get. O mühitdən bir az ayrıl, dəyiş, o zaman bədən stressi atır.


Sağalmaq üçün mühiti dəyişməliyik. Bizdə mühit sağlam deyil. Ana evdə həm iş görür, həm uşaq oxudur. Xaricdə uşağın təhsili ilə ailə məşğul olmur, məktəb məşğul oluir. Bizdə ana ikinci müəllimdir. Qadınlarımız çox əziyyət çəkir. Heç yerə getmirlər, öz arzuları, hobbiləri yoxdur. Qadınlara xüsusən ağırdır. Elə kişilərə də çətindir. Ona görə bu həyat tərzi ilə belə xəstəliklərin sağalması da uzanır. Xəstə stress vəziyyətindən çıxa bilmir, bədən həmişə gərgindir və immunitet dözmür.



- Autoimmun xəstəlik baş qaldırdısa, ömürlük davam edir, yoxsa tam sağalma mümkündür?


- Təəssüf ki, xeyr. Hansı xəstəliklər tam sağalır ki?! 99% xəstəliklər sadəcə simptomatik müalicə olunur, xəstənin həyat vəziyyətini yaxşılaşdırmaq, əlil olmasının qarşısını almaq üçün...

Revmatoloji xəstəliklər də şəkər kimi zamanla orqan iflasına, digər problemlərə səbəb olur. Sadəcə remissiya, sakitləşmək dövrü əldə edirik. Amma bəzən spontan sağalma olur. Sağalma yox, uzunmüddətli remissiya. Tam dərmandan çıxan bir qism xəstə olur, spontan sağalma deyirik. Artroz və revmatoid artritdə dünya statistikasına baxdıqda 10 % halda spontan sağalma ola bilər. Heç bir şey etməsə belə, xəstə sağalır. 80 % halda dərmanla remissiya alınır. 20 % xəstələrdə dərman versək belə, müalicə təsir etmir, remissiya əldə olunmur, proses sakitləşmir. Necə ki, şəkər tərzini dəyişməyi tələb edir, bu, revmatoloji xəstəliklərı da aiddir.

Ən intizamlı xəstə kateqoriyamız pedaqoqlar, müəllimlərdir. Hər şeyi dəqiq vaxtında edəcək, vaxtında müayinəyə gələcək.
Digər xəstələr həkimi eşitmir. Bir az yaxşılaşır, ağrısı keçir, dərmanı kəsir, xəbər də vermir. Aylarla, illərlə itir, bir də ağırlaşanda yenə gəlir.


- Bəs insanlar nə etsinlər ki, bu xəstəliklər yaranmasın və ya heç olmasa fəsadlar olmasın? Əsas tövsiyələriniz nələrdir?


- Xəstələr bizdən, doktor, nə edim, ömür boyu dərman içməliyəm soruşanda deyirik ki, həyat tərzini dəyişin.
Podaqra xəstəsində sidik turşusu yüksək çıxır, burda qidalanmanı dəyişməkdən başqa çıxış yolu yoxdur
Artroz, revmatoid artrit həyat tərzidir. Artroz varsa, bu insanlar çəkini azaltmalıdır.Artan çəki artrozu kəskinləşdirir.

Qəfil hərəkət, çox ayaq üstə qalmaq, ağır yük qaldırmaq, mebel çəkmək, nəsə daşımaq olmaz. Bu adamlara 4 kq-dan artıq yük qaldırmaq olmaz. Pilləkən çıxıb düşməyə belə icazə vermirik. Düz yerdə gəzməlidir. Dikdaban, narahat ayaqqabı geyinmək, kələ-kötür yerdə gəzməyə qoymuruq. Oturanda yerdən oturmaq olmaz. Ancaq hündür yerdə əyləşməlidir.

Bazarlıq edəndə ağır yük qaldırmaq olmaz. Çox zaman səhvən belə düşünürlər ki, çox piyada gəzsəm,10 min addım mənə xeyirdir. Artrozlarda əksinə, çox gəzmək olmaz, oynaqlar yüklənir. Gəzmək xəstənin özü tərəfindən dozalaşır. Əsas tələbimiz arıqlamaqdır. Çəki azalması vəziyyəti xeyli yaxşılaşdırır. Elə xəstəmiz olub, 5 kq çəki atıb qəfil ağrıları kəsilib.

Elə xəstəmiz var ki, hətta ən müasir, bahalı dərmanlar qəbul edir, almadığı bioloiji əlavələr, müalicələr qalmır, amma nəticə yoxdur. Bunun müəyyən izahı var. Bunu da xəstəyə çox izah etmək olmur. Elə xəstə var, ancaq dərman içir, nə həyat şəraitini düzəldir, nə arıqlyır, nə qidasına fikir verir, əksinə, bədəni yükləyir. Elə xəstə var dünyagörüşlüdür, savadlıdır, diaqnozunu bilən kimi keçir qlütensiz qidalanmaya. Ağ un məmulatlarını menyudan çıxarır. Autoimmun xəstələrdə qlütensiz qidalanma olmalıdır. İnsanları bu qidalanmaya keçirmək çətindir. Çörəksiz alınmır, qlütensiz qidalar bahadır. Amma 3-4 belə xəstəmiz var ki, qlütensiz qidalanmaya keçib. Bu xəstələr çayı, qəhvəni azaltmalı, hətta içməməlidir. Süd olmaz, mağazadan alınma hazır qidalar olmaz, qənnadı, şirniyyat, keks, tort, qırmızı əti azaltmaq - bunlar şərtdir.

Ümumiyyətlə, nəinki autoimmun xəstəsi, sağlam adam da soruşsa ki, deyirəm karbohidrat, duzlu yeməklər, şirniyyat, qənnadı olmaz.





NƏİNKİ ZƏRƏRLİ QİDALAR, HƏMÇİNİN EVDƏ İŞLƏDİLƏN MÜXTƏLİF KİMYƏVİ TƏMİZLƏYİCİ MADDƏLƏR, YUYUCU VASİTƏLƏR, DEZİNFEKSİYA MƏHLULLARI DA SİSTEM XƏSTƏLİKLƏRİNƏ SƏBƏB OLUR





- Axı belə çətindir. Siz özünüz həkim olaraq bunları yemirsiz?

- Yox, mən yemirəm. Nəinki mən, uşaqlarım da. Biz şirniyyat, çörək yemirik. Evimizdə qənd, konfet yoxdur. Qızım tort belə yemir. Ağ un məmulatları almırıq, çayı heç nəsiz içirəm. Evə çörək almırıq. Sadəcə xörəyimizi bişirib yeyirik kifayətdir. Marketdən qablaşdırımış qidalar almırıq, tərəvəz yeyirik. Lazım olan bütün məhsullar bazarda var, kənd məhsulları var.
Mən özüm də revmatoid poliartritəm, anamdan keçib. Biz özümüz də bununla mübarizə aparırıq. Bu xəstəlik genetik olaraq ötürülür. Yəni heç kim sığortalanmayıb. Ana-qız xəstələrim çoxdur. Əksər vaxt ana geni ilə revmatoid artritlər, sistem sklerozu, sistem qırmızı qurd eşənəyi də genetik keçir.

Nəinki qidalar, axır vaxtlar sistem xəstəliklərinin artmasının bir səbəbini də pandemiya səbəbindən dezinfeksiyaedici vasitələrdən, təmizləyici, yuyucu gellərdən çox istifadədə görürəm. Bunu elmi araşdırmalar da sübut edib. Pandemiya zamanı sistem sklerotiklərimizin sayı artdı. Çünki insanlar spirt, müxtəıif spirtli, kimyəvi məhlulları buruna, əllərə çəkirdi.

Toksiki maddələrin təsirindən birləşdirici toxumalar zədələndi. Əvvəllər belə diqnozlara nadir halda rast gəlirdik.

Biz özümüz müxtəlif yuyucu gellər, kimyəvi tərkibli şampun, gel, sabunlardan imtina etmişik. Yalnız uşaq sabunu və yuyucu vasitələrdən istifadə edirik. Dezinfeksiyaedicilərlə işləyənlər çoxdur. Müxtəlif istehsalat yerləri, klinikalarda, pestisid maddələrlə işləyənlərdə belə xəstəliklər ola bilər. Xanımlar hər kəs onların səliqəsindən danışsın deyə hamamda vannanı müxtəılif maddələlərlə sürtüb ağappaq edirlər. Mənsə həkim olaraq istərdim ki, kaş o vanna ağappaq yox, eybi yox, sarımtıl olardı, amma sağlam olardıq. Bu qədər aludəçilik olmaz. Evdə xlor istifadə etmək olmaz. Nəzərə alın ki, əlcək geyinsəniz belə, o maddələr sizin orqanizminizə düşür. Biz adi təsərrüfat sabunu işlədirik. Uşaqlar da elə öyrəşib.

- Aygün xanım, revmatoloji xəstəliklər üzrə müalicə protokolları, dərmanlarda nə kimi dəyişiklik, yeniliklər var? Dərmanlar əlçatandırmı?


- Əlçatandır, var. Amma yeni çıxan dərmanları, lazım olanları hər kəs ala bilmir. Çox bahadır, xəstələrin maddi imkanı yetmir. Tibb inkişaf edib, bu gün dünyada revmatoloji müalicədə bioliji ajanlar istifadə olunur. Əslində çoxdan var, Türkiyədə hətta sığortaya daxildir. Yeni nəsil dərmanlar hormonal deyil, xəstə hər gün dərman içmək məcburiyyətində qalmır. Bu dərmanlar interleykenlərə, iltihabın mediatorlarına birbaşa təsir edib, prosesi orda saxlayır. Onların təyinatı həftədə və ya ayda bir dəfə ola bilər. Biz xəstəyə təklif edirik, kim istəyirsə, imkanı varsa, razılaşır. Bu biri dərmanlar təsir etməyəndə, biolojilər tətbiq olunmalıdır. Elə xəstələr var, ilk başdan yeni dərmanlar lazımdır. Yeni dərmanlar deformasiyanı, əlil arabasına düşməyin qarşısını alır.

- İcbari tibbi sığorta revmatoloji xəstələrə dəstək olurmu? Bir həkim kimi nələrin paketə daxil olmasını arzulayırsız?

- Bir çox ağır revmatoloji xəstəliklər üçün analiz paneli var, o daxil deyil. Xüsusən sistem qırmızı qurd eşənəyi. Digər bir neçə analizi - CRB, RF zatən terapevtlər təyin edirlər.

Əsas da dərmandır. Biz xəstəyə onsuz da pulsuz baxırıq. Amma bahalı analiz və dərmanları necə edək? Heç olmasa, ilkin olaraq Metipred dərmanını sığorta ilə versinlər. Çünki biz xəstəni müalicəyə məcbur edə bilmirik. Xəstə əlilliyə doğru gedir, pulu yoxdursa, neyləsin? O dediyimiz yeni bioloji dərmanları sığortaya daxil etsələr, çox yaxşı olar. Belə olsa, əlil olan, iş qabiliyyətini itirən, arabaya düşən insanların sayı azalar. Xəstə əlil olsa dövlət ona təqaüd verməlidir, yük olur. Bu qat-qat məsrəflidir.

- Bəs, insanı əlil arabasına ən tez salan autoimmun xəstəliklər hansılardır? Ən gənc xəstələr neçə yaşındadır? Gənclərimizdə durum necədir?


- Bütün xəstəliklər düzgün müalicə olunmasa, sonu əlilliyə gedə bilər. Əslində mən uşaqlara baxmıram. Amma 7 yaşında da xəstəmiz var. 3 yaşında FMF-li Aralıq dənizi qızdırmalı xəstələrmiz var. Azərbaycanda bu dianqoz da çoxdur. Artroz diaqnozlu 17-18 yaşlı xəstələrimiz var. Əvvəl yox idi. Nə baş verirsə, gənc, yeniyetmə xəstələrin sayı artır. Sonu hara gedəcək, deyə bilmərik. Sistem qırmızı qurd eşənəyi də ağır diaqnozlardan bridir. Təəssüf ki, gəncləşib. Daha çox qadınlarda rast gəlinir. Böyrəkləri, bir sıra orqanları sıradan çıxarır.


Bütün dünyada bu xəstələr revmatoloqa gec gəlir, diaqnoz gecikir. Bu da normaldır. Polisimptomlar xəstəni yanıldır. Məsələn, ağız içində yaralar olur, stomatoloqa gedir, saçı tökülür, üzündə səpki, qızarma olur, dermatoloqa gedir, kosmetoloqa gedir. Hərə də öz müayinəsini edir, müalicə edir. Amma son zamanlar həkimlər şübhələnib göndərirlər. Maarifləndirmə bunun üçün lazımdır. Vaskulitlərdə də, qurd eşənəyində də xəstəni erkən nəzarətə götürəndə itkilərimiz olmur. Müalicədə olan xəstələrimiz var ki, 70 yaşa kimi yaşayır.
Bu xəstəlikdə stress böyük faktordur. Bir xəstəmiz var idi, evdə yanğından sonra bütün limfa düyünləri şişmişdi. Onkologiyada, qan institutunda araşdırıldı. Axırda burda sistem qırmızı qurd eşənəyi diaqnozu qoyuldu. Yanğına qədər uşaq sağlam idi, yanğının stresindən bu xəstəlik baş qaldırdı.

- Siz qeyd etdiz ki, pandemiyadan sonra autoimmun və iltihabi xəstəlikləri olanların sayı artdı. İndi də meymunçiçəyi gəlir. Belə çıxır ki, hər belə epidemiya, pandemiya olduqca, xəstələrin sayı artacaq?

- Bəli, istənilən virus mənşəli infeksiyalar immunitetdə bəzi prosesləri aktivləşdirən faktor olur. Koviddən sonra, hətta peyvənddən sonra uzun müddət remissiyada olan xəstələrimiz qayıtdı. Sanki daxildə bir pqoqram işə düşür. Qurd eşənəyinin beyin əlamətləri verəni də olur. İmmun sistem öz-özünə qənim kəsilir, bədəni tanımır və ona hücuma keçir. Ona görə kovid keçirdikdən sonra müəyyən ağrılar varsa, mütləq revmatoloqda yoxlanmaq lazımdır.

Cavan xəstələr vaxtında gəlməsə, onları deformasiya gözləyir, orta yaşlı xəstə gəlməsə, əlil arabasına düşmə vaxtı tezləşir. Erkən mərhələdə əllərdə, ayaqlarda əyilmə dediyimiz o spesifik deformasiyalar olmur. Erkən mərhələdə müasir preparatlara başlayarsa, daha yaxşı olar.

- Hansı əlamətlərdə dərhal revmatoloqa gəlmək lazımdır? Əsas rast gəlinən simptomları sadalardınız...


- Oynaqlarda, fərqi yoxdur, əl, bilək, diz olsun, ağrılar, şişkinlik varsa, birinci revmatoloq baxışı olmalıdır. Oynaq ağrılarının altında çox ciddi xəstəliklər yata bilər. Məsələn, bu həftə bir xəstəm oldu, çiyin ağrısından dayana bilmirdi. MRT çəkdirmişdi, baxan kimi gördüm metastazlardır. Süd vəzisində xərçəng artıq çiyinə, oynağa doğru metastaz verib. Onkologiyaya bağlı oynaq ağrıları olur. Ümumiyyətlə, istər uşaq, istər böyük, oynaq ağrısı olursa, sadə bir qan analizi, EÇS, CRB verilməlidir. Ağızda yaralar, dəri səpkiləri, qırmızı ləkələr, dəridə qansızmalar, üzdə kəpənəkşəkili ləkə, saç tökülməsi, ocaqlı keçəlləşmə, gözdə qızartı - bunlar revmatoloji səbəblər ola bilər.

Periodik qızdırma, titrəmə, bədəndə ağrılar, qarın ağrısı, qusma. Bəzən xəstə gəlir ürəyinə stent qoyulub, ayaqlarından şiş getmir. Diaqnoz podaqra çıxır. Xəstə heç vaxt podaqradan müalicə almayıb. Halbuki vaxtında o tapılsaydı, heç ürəyinə də stent lazım olmazdı.
Sistem xəstəliklərinə bütün orqan və sistemlər daxildir. qaraciyər, mədəaltı vəz, ağciyərlər, hər şeyi revmatoloji xəstəlik sıradan çıxara bilir.


Hər dəfə elə nadir diaqnozlar tapırıq ki, o xəstəni 1000 ildə bir görmək olar. İndi belə faktlar adiləşib. Ona görə daxili orqanların işində problem olanda da revmatolojidən şübhələnmək lazımdır.

Aygün Musayeva
MEDİCİNA.AZ