"Bir neçə il bundan əvvəl Qobustan qəsəbəsində olarkən mənə xəstəxananın baş həkimi müraciət etmişdi ki, yeni xəstəxana tikilsə yaxşı olar. Mən də dərhal göstəriş verdim, vəsait ayırdıq və bu gün bu gözəl xəstəxananın açılışında biz birlikdə iştirak edirik”.
Medicina.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev bu gün Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında çıxış edərkən deyib. Prezident xəstəxananın əvvəlki vəziyyətinin ağır və bərbad olduğunu xatırladıb: Mən buraya gələrkən girişdə mənə xəstəxananın əvvəlki şəkilləri, görüntüləri göstərildi. Siz, burada işləyən həkimlər, tibb işçiləri yaxşı bilirsiniz ki, əvvəlki xəstəxananın vəziyyəti çox ağır, bərbad idi. Bu, təbiidir, çünki xəstəxana 50-ci illərin əvvəllərində fəaliyyətə başlamışdı və uzun müddət təmirsiz qalmışdı. Bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək”.
Ölkə başçısı əlavə edib ki, Qobustan xəstəxanasının timsalında biz inkişafda olan ölkəmizin dinamik addımlarını görürük: "Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır. Sosial məsələlərin arasında, əlbəttə ki, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək. Onu da bildirməliyəm ki, təkcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın”.
"5 milyondan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir” deyən prezident çıxışını belə davam etdirib: "Bu, bizim təşəbbüsümüzdür və dünyanın nadir ölkələrində belə təşəbbüs həyata keçirilir. Bunun da bir məqsədi var ki, vətəndaşlar, əgər onların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə alır.
Diaqnostika və müalicə bir-biri ilə vəhdət təşkil edir. Bu xəstəxanada həm diaqnostika, həm də poliklinika şöbəsi, təcili yardım stansiyası və əməliyyat aparmaq üçün imkanlar, doğum şöbəsi var. Mənə məlumat verildi ki, bu məsələ ilə bağlı ciddi problemlər var idi və bu bölgədə doğum şöbəsi yox idi. Siz onu da yaxşı bilirsiniz ki, bu xəstəxana ətraf qəsəbələrə də xidmət göstərəcək, on minlərlə insan bu imkanlardan istifadə edəcək. Əlbəttə ki, bu xəstəxanada dializ şöbəsinin yaradılması xüsusi məna daşıyır. Çünki mənə verilən məlumata görə, burada böyrək xəstələri var ki, onlar da müntəzəm olaraq Bakıya dializ almaq üçün getməli olurdular. Bu da həm məsrəfdir, həm də narahatlıqdır, əziyyətdir. Ona görə, burada indi dializ şöbəsinin yaradılması bu insanlara da böyük dəstək olacaq, onlar öz sağlamlığını burada bərpa edəcəklər”.