Rusiyanın paytaxtı Moskvada əlilliyi olan uşaqların reabilitasiyası üçün yeni səs terapiyası növü - bioakustik korreksiya tətbiq edilməyə başlanıb.
Medicina.az "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə paytaxt merinin müavini Anastasiya Rakova məlumat verib.
“Şəhərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət artır. Moskva reabilitasiya və reabilitasiya-təhsil mərkəzlərində müasir avadanlıq və qabaqcıl texnologiyalardan istifadə olunur. Bu isə uşaqlarda itirilmiş funksiyaları inkişaf etdirməyə və bərpa etməyə və ya maksimum səmərəliliklə yenilərini əldə etməyə imkan verir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, mütəxəssislərin təcrübəsi, biliyi və peşəkarlığı yeni təkmilləşdirmələr və texnikalarla birləşərək hər bir uşağın xüsusi ehtiyaclarına və hərtərəfli yardımına yönəlib:
“Butovo Kompleks Reabilitasiya Mərkəzində uğurla tətbiq edilən qabaqcıl texnologiyalardan biri də səs terapiyasının növlərindən biri olan bioakustik korreksiyadır. Bu terapiya uşağın beyninin elektroensefaloqrammasının real vaxtda səslərə çevrilməsindən ibarətdir və uşaq qulaqcıq vasitəsilə beyninin “musiqisi”ni dinləyə bilər”.
Rakova vurğulayıb ki, bu texnika itirilmiş funksiyaları bərpa etməyə və davranış pozuntularını düzəltməyə kömək edir:
“Bu, serebral iflic, autizm və beyin damar xəstəliklərindən əziyyət çəkən 3,5 yaşdan yuxarı uşaqların reabilitasiyasında effektiv və təhlükəsiz üsullardan biridir”.
Aysel