Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Morqda qadın meyitlərini kim yara bilər?

  • 2019.01.08 12:09
  • 11385 Baxış
Morqda qadın meyitlərini kim yara bilər?

Ölüm haqdır və vaxtı gələndə öz haqqını tələb edir, deyirlər. Lakin elə ölümlər var ki, onun səbəbi bilinmədiyi üçün adını "müəmmalı ölüm” qoyur və nədən baş verdiyini aydınlaşdırmağa çalışırıq. Bunun üçün həm qanuni, həm də tibbi yol meyitin yarılmasıdır.


Meyitin yarılması prosesi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmır desək, yanılmarıq. Bir çox hallarda ölən şəxsin yaxınları buna razı olmadıqları üçün narazılıq edir, hətta bu məsələ böyük mübahisələrə də gətirib çıxara bilir.


Medicina.az Sia.Az-a istinadən xəbər verir ki, aparılan ümumi sorğuya əsasən, vətəndaşlarımız meyitin yarılmasını düzgün hesab etmirlər.


Sorğu iştirakçılarının əksəriyyəti insan öldükdən sonra onun hansı səbəbdən dünyasını dəyişməsinin əhəmiyyət kəsb etmədiyi bildirir və öldükdən sonra haqq dünyasına parçalanmadan getməsini bildirsələr də, digər hissəsi lazım gəldiyi təqdirdə, səbəblərin araşdırılması zərurəti baxımından bunun düzgün olaraq həyata keçirildiyini bildiriblər.


Sorğu iştirakçıları arasında narazılıq yaradan məqamlardan biri qadın meyitlərinin yarılması prosesində iştirak edən ekspertlər arasında qadınların azlıq təşkil etməsidir. Sorğu iştirakçıları qadın meyitlərinin məhz qadın ekspertlər tərəfindən yarılmasını həm dini, həm də mənəvi baxımdan düzgün hesab ediblər.


Görəsən, ölkəmizdə qadın ekspertlərinin sayı yetərlidirmi?


Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov söyləyib ki, Azərbaycan məhkəmə-tibbi ekspertizasında qadınların sayı çoxdur:


"Xanım ekspertlər arasında həm laboratoriyalarda çalışan, həm də meyit müayinələri ilə məşğul olanlar var”.


"Meyit müayinəsi genderə bölünmür”


Onun sözlərinə görə, meyitlərin müayinəsi zamanı bu sahə genderə bölünmür:


"Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da qadın meyitləri cinsindən asılı olmayaraq, həm qadın, həm də kişi ekspertləri yara bilər. Əgər ölən şəxs kişidirsə, onu qadın, qadındırsa, onu kişi ekspert yara bilər. Lakin bizim işimiz istintaq işi ilə əlaqədar olduğundan ekspertlərimiz mətbuata çıxa bilmir. İstintaq işinin yayılmasına görə ekspertlərimizə cinayət işi qaldırıla bilər”.


Gənc xanımlar bu sahəyə maraq göstərirmi?


Gələcək tibbi ekspert və cərrahların hazırlandığı Tibb Universitetinin mətbuat katibi Günel Aslanova söylədi ki, ali məktəbin Patoloji anatomiya kafedrası tərəfindən bu günədək yüzlərlə tibb kadrlar və elmi işçilər yetişdirilib ki, onların içərisində xanımların sayı az deyil:


"Patoloji anatomiya kafedrasının əməkdaşları elmi-pedaqoji işlə yanaşı, ölkədə patoloji anatomik xidmətin təşkilində də fəal iştirak edirlər. Bu sahə üzrə təhsil alan xanımlardan kafedrada qalıb çalışmağa üstünlük verənlər də olur. Amma ümumilikdə, bu sahə üzrə təhsil alan xanımlar müxtəlif laboratoriyalarda, Səhiyyə Nazirliyinin müxtəlif ekspertiza mərkəzlərində fəaliyyətlərini davam etdirirlər. Hətta xanım ekspertlərimiz arasında fəaliyyətini xarici ölkədə davam etdirənlər də olur”.


"Bu tədris ilində 10 rezident xanım patoloji anatomiyanı seçib”


G.Aslanova qeyd edib ki, son dövrlərdə xanım tələbələr tərəfindən bu sahəyə maraq artmaqdadır:


"Bu il 13 nəfər bu ixtisas üzrə rezindentura təhsilini davam etdirmək qərarına gəlib ki, onların 10 nəfərini qızlar təşkil edir. Kafedranın işçiləri patoloji anatomiya elminin incəliklərini tələbələrə çatdırmaq üçün öz pedaqoji ustalıqlarını daim artırmağa çalışır”.


"Dinimiz zəruri hallarda qadının meyitinə kişi ekspertin baxmasını qadağan etmir”


Məsələnin dini baxımdan izah edən ilahiyyatçı Hacı Şahin Həsənli söyləyib ki, əgər ekspertizanın aparılması zəruridirsə, o zaman dinimiz qadının meyitinə kişi tərəfindən baxılmasına icazə verir.


Onun sözlərinə görə, bu, təkcə dünyadan köçən insanların meyit müayinəsi ilə bağlı deyil, eləcə də, xəstə müayinəsi ilə bağlıdır:


"Başqa ekspert yoxdursa və onun əks cinsin nümayəndəsi tərəfindən baxılması mütləqdirsə, o zaman bu, dini nöqteyi-nəzərdən məqbuldur və İslam dini bunu qadağan etmir. Yox, əgər xanım ekspert varsa, o zaman, əlbəttə, qadın meyitinə qadının baxması daha yaxşı olar”.


İlahiyyatçı qeyd edib ki, ümumiyyətlə, bütün dünyada tibbi ekspertiza sahəsində çalışanların əksəriyyətini kişilər təşkil edir:


"Məncə, bu, qadınlarımızın zərif təbiəti ilə bağlı məsələdir. Adətən, qadınlarımız bu kimi işlərdən çəkinir və özlərinə uyğun hesab etmirlər. Dinimiz də qadınlarımızın bu sahə ilə məşğul olmasına heç bir qadağa qoymur”.


Məsələyə psixoloji tərəfdən baxsaq...


Psixoloqların fikrincə, qadınların məhkəmə-tibb ekspertlərində çalışmağa az maraq göstərməsi təkcə psixoloji deyil, həm də sosioloji məqamlarla bağlıdır. Onlar bildiriblər ki, qadınların çoxu gələcəkdə həkim kimi işləyəndə onun əsas işinin meyit yarmaq olmasını istəmir. Buna cəmiyyət tərəfindən birmənalı münasibət göstərilmir və bu baxımdan, sırf sosial məsələlərə görə xanımlarımız bu peşəyə maraq göstərmirlər.


Təsəvvür edin, hansısa məhkəmə-tibb eksperti olan xanım ailə qurarkən, ona elçi gələndə qızın sənətinin nə olduğunu soruşanda, deyirlər ki, gəlinin işi meyit yarmaq olacaq. Ona görə də ola bilsin ki, qadınlar bu sahəyə həm də bu kimi səbəblərə görə maraqlı olmurlar. Burada, əlbəttə ki, kişilərin qadınlara nisbətən əsəblərinin və psixoloji durumlarının daha möhkəm olması da mühüm rola malikdir.


Meyitin yarılmasına hansı hallarda icazə verilir?


Hüquq müdafiəçisi Səməd Vəkilov qeyd edib ki, tibbi ekspertiza müayinəsi müvafiq qanunlara uyğun olaraq həyata keçirilir:


"Belə ki, 26 iyun 1997-ci ildə imzalanmış "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun "Patoloji-anatomik yarılmalar” adlı 41-ci maddəsinə əsasən, Patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir:


"Patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər”.


"Patoloji-anatomik yarmanın aparılmasında meyitin ailə üzvləri də iştirak edə bilər”


Hüquq müdafiəçisi əlavə edib ki, ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında rəy ölənin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, eləcə də, zəruri hallarda hüquq-mühafizə orqanlarına verilir:


"Ölənin ailə üzvləri, onlar olmadıqda isə yaxın qohumları və ya qanuni nümayəndələri müvafiq profilli mütəxəssisi onun razılığı ilə patoloji-anatomik yarmanın aparılmasında iştirak etmək üçün dəvət edə bilərlər. Onların tələbi ilə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə-tibb ekspertizası keçirilə bilər”.