Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mobil telefon oynaqların və sinir toxumalarının zədələnməsinə səbəb olur

  • 2024.06.10 16:06
  • 892 Baxış
Mobil telefon oynaqların və sinir toxumalarının zədələnməsinə səbəb olur
"Mobil telefondan istifadə zamanı eyni duruşda təkrarlanan əl, bilək və dirsək hərəkətlərinin asılılıq dərəcəsinə qədər davam etməsi oynaq nahiyələrində sərtliyə və iltihab səbəbiylə sinir toxumasının zədələnməsinə səbəb olur".

Medicina.az xəbər verir ki, bunu Prof. Dr. Aşkın Esen Hastürk bildirib.

O, gənclərin və orta yaş qruplarında olanların mobil telefondan istifadə üzündən sağlamlıqla bağlı ciddi problemlərlə üzləşdiklərini diqqətə çatdırıb.

“Bunlardan ən çox bilinəni və aşkarlananı telefonun dayaq-hərəkət sisteminə, oynaqlara və sinir toxumasına vurduğu ziyandır. Ağrı və uyuşma xəstələrdə ən çox rast gəlinən haldır”.

Professorun sözlərinə görə, mobil telefondan həddən artıq istifadə beyin funksiyalarına da təsir edir.

Həkim mobil telefondan həddindən artıq istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinin mümkün olduğunu bildirib. O qeyd edib ki, burada ən vacib məsələ aludəçiliyin dərəcəsini azaltmaqdır.

Ağır hallarda cərrahi müdaxilənin lazım olduğunu bildirən Prof. Dr. Hastürk bunları söyləyib:

“Mobil telefondan xüsusilə iş və ya sosial mühitlərdə istifadə beyin funksiyalarına da təsir edir. Bir çox araşdırmalar bunu artıq sübut edib. Xüsusilə psixo-sosial stress, gərginlik, yuxusuzluq, baş ağrısı və diqqət dağınıqlığı dediyimiz hallara səbəb olur.
Təbii ki, onun bəzi beyin funksiyalarına təsir edən xəstəliklərə, məsələn, Alzheimer və ya bəzi xoşxassəli beyin şişlərinə təsiri hələ də müzakirə olunur”.

Həkim qulaqlıqlardan istifadənin də baş və beyinə təsirinin oxşar olduğunu nəzərə çatdırıb.

“Xüsusilə gənclərdə məktəb və dərslərdə uğursuzluğa səbəb olan diqqət yayınması, orta və yuxarı yaş qrupunda isə yaddaş problemləri, unutqanlıq mobil telefon istifadəsi ilə əlaqələndirilə bilər. Əslində, son araşdırmalar telefonların Alzheimer kimi ciddi nevroloji xəstəliklərə səbəb ola biləcəyini də göstərir”, - deyə professor vurğulayıb.


Aysel