Xalq artisti Miri Yusif bir neçə ay bundan əvvəl peyvənd olunması barədə sosial şəbəkədə paylaşım edib.
Medicina.az xəbər verir ki, məşhur sənətçi Səbayıl rayonu 1 nömrəli poliklinikasında vaksinasiya prosesində iştirak etdiyini qeyd edib.
“Başqa yol yoxdur! Peşəkar həkimlərimizə dərin minnətdarlığımı bildirirəm. Hamını vaksin vurdurmağa çağırıram”,- deyə Miri Yusif bildirib.
Sənətçinin sözügedən postu bir müddət sonra yenidən gündəmə gəlib və peyvəndin ifaçının sağ qoluna vurulması müzakirə mövzusuna çevrilib.
Sosial şəbəkə istifadəçiləri vaksinin yalnız sol qola vurulması barədə fikir irəli sürüb, ifaçı və səhiyyə işçisini bu mövzuda tənqid ediblər.
Peyvənd sol, yoxsa sağ qola vurulmalıdır?
Həkim -infeksionist Nəzrin Mustafayeva “Qafqazinfo”ya bildirib ki, vaksin vurulduqdan sonra 1-2 gün qolda ağrı ola bilər. Bu da həmin şəxsin əmək fəaliyyətinə təsir etdiyindən vaksinin sol qola vurulması tövsiyə olunur. Amma solaxaylarda sağ qola da vurula bilər. Bütün elmi mənbələrdə vaksinin sol qola vurulması məhz bu səbəblə izah olunur.
Türkiyə Səhiyyə Nazirliyi bəyan edib ki, koronavirus peyvəndi vurularkən xoşagəlməz hallarla qarşılaşmamaq üçün mütləq şəkildə 14 əsas qaydaya əməl olunmalıdır.
Sözügedən qaydalardan biri də “Sinovac” vaksininin sol qola vurulmasıdır. Bu, sağ əlin daha işlək olması ilə izah olunur. Başqa sözlə, peyvəndin vurulduğu yerdə hər hansı bir xoşagəlməz lokal reaksiya müşahidə olunarsa, sağ əl işlək vəziyyətdə qalsın deyə, sol ələ üstünlük verilir.