Genetik, serebro-vaskulyar və neyronal səbəbləri məlum olan miqrenin biokimyəvi və fizioloji risk faktorları ona zəmin yaradır. Qeyd etdiyimiz kimi, miqrenin səbəblərinin ən başında genetik faktorlar gəlir. Ailədə miqren varsa, övladın miqren olma ehtimalı 40%-dir. Hər iki valideyni miqren xəstəsi olan şəxslərdə isə 75% halda miqren şikayətləri olur. Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişiklərdir.
Dəqiq məlum olmayan səbəblərdən ağrı tutmasının başlanğıcında serotoninin depolardan xaric olması nəticəsində onun qan plazmasında miqdarı artır. Bu da, kəllədaxili damarların ilkin daralmasını şərtləndirir. Sonradan serotoninin miqdarının enməsi damarların genişlənməsinə, onların divarlarının gərilməsinə və xarakterik ağrıların yaranmasına gətirib çıxarır.
"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyini Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Pərviz Axundov deyib.
"Miqren ağrılarının səciyyəvi xüsusiyyətlərinə ağrıların birtərəfli (ağrıdan ağrıya o yerini dəyişə bilər) olması, pulsasiya etməsi, ağrıların ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə birgə müşayiət olunması xasdır. Miqrenoz ağrılar üçün bir qayda olaraq fiziki yüklənmə zamanı ağrının güclənməsi xarakterikdir.
Miqren tutmaları ildə bir dəfədən hər gün baş verən tutmalara qədər, davamı isə 4-72 saat ola bilər. Xəstələrin təxminən 20%-də ağrıdan əvvəl aura deyilən ocaqlı nevroloji əlamətlər müşahidə edilir. Bu da auralı miqren kimi təsnifləndirilir. Aura adətən 60 dəqiqəyə kimi davam edir və ondan sonra 1 saat ərzində ağrılar başlayır. Daha çox görmə aurası müşahidə edilir ki, bu da özünü göz önündə ziqzaq və dalğalı cizgilər, parlaq nöqtələr, ulduzlar və ya skatoma deyilən kor nöqtələr şəklində özün büruzə verə bilər. Ayrıca baş gicəllənmə, əl və ayaqda gücsüzlük, nitq, hissiyyatın pozulmaları kimi əlamətlərlə büruzə verən auralar da məlumdur.
- Müəyyən amillər miqren tutmasına qıcıq rolunu oynaya bilər. Bu amillərin aşkarlanmasının həm diaqnostik, həm də müalicəvi əhəmiyyəti var. Bu amillərə isti, soyuq, müxtəlif qoxular, parlaq işıq, səs-küy, fiziki gərginlik, xronik stres, yuxu pozulmaları, vaxtsız və pis qidalanma, tutun çəkmə, cinsi yetkinlik dövrü, menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik aiddir. Xüsusi olaraq bəzi qida maddələrinin təsirini qeyd etmək lazımdır. Bura alkoqol (xüsusən qırmızı şərab), şokolad, ağ pendir, avokado, sitrus meyvələri, banan, duzlu və hisə verilmiş qidalar, konsentrant tərkibli şorbalar, sosislər, pizza, koffein tərkibli qidalar (kofe, çay) aiddir.
- Miqrenin müalicəsi onun profilaktik müalicəsindən və tutmanın müalicəsindən ibarətdir. Bura ilk öncə, tətikləyici amillərin, xüsusən diyetik amilləri aradan qaldırılması aiddir. Requlyar qidalanma, yetərli yuxu, kofein və alkoqol istifadəsinin məhdudlaşdırılması, dozalanmış fiziki yük, yanaşı gedən nevroloji pozuntuların və arterial hipertenziyanın korreksiyası xüsusi əhəmiyyət daşıyır. Oral kontraseptiv vasitələr çox vaxt miqrenin gedişini ağırlaşdırır, ona görə də, digər kontrasepsiya vasitələrindən istifadə məsləhətdir. Bəzi pasiyentlərdə qeyri-farmakoloji metodlar - psixomotor relaksasiya, davranış terapiyası, manual terapiya, boyun-yaxalıq nahiyəsinin masajı və başqa fizioterapevtik müalicə metodları effektiv olur.
Profilaktik olaraq dərman preparatlarının təyini tez-tez təkrarlanan (ayda 3 dəfədən çox) və uzun müddət davam edən (48 saatdan çox) miqrendə, eləcədə də miqren tutmalarını aradan qaldıran vasitələrin effektsiz olması və ya onların həddən artıq istifadəsinə meyl olanda göstərişdir. Bu məqsədlə, preparat, yanaşı gedən xəstəliklər nəzərə alınmaqla, daha təhlükəsiz dərmanlardan daha effektiv dərmanlar istiqamətində, minimal dozadan başlayaraq seçilməlidir. Profilaktik dərman maddələri adətən, 3-6 ay müddətə təyin edilir.
Miqren tutmaları zamanı xəstələr özlərini ala-qaranlıq, sakit otaqda yüngül hiss edirlər. Tutmanı aradan qaldıran dərman vasitələri seçilərkən, ağrının ağırlıq dərəcəsi, fərdi həssaslıq, yanaşı gedən xəstəliklər nəzərə alınmalıdır.
- Aparılan tədqiqatlar, miqren zamanı yüngül fiziki aktivliyin yaxşı təsir etdiyini sübut edib. Bu cür məşqlər miqren tutmalarının sıxlıq və şiddətini azaldır, profilaktik müalicənin effektivliyini artırır. Çox yorulmamaq şərti ilə düzənli aerobik idmanlar, üzgüçülük, sürətli gəzinti, velosiped sürmək bu məqsədlə seçilə bilər".
Aygün Musayeva