İngiltərədə yerləşən "King's College Hospital"da tətbiq edilən yeni müalicə metodu ciddi baş ağrısı yaşayan miqren xəstələrinin şikayətlərini 50% azaldır.
Medicina.az xəbər verir ki, dünyada hər 7 nəfərdən 1-i miqren xəstəsidir. Qadınların bu xəstəlikdən əziyyət çəkmə ehtimalı kişilərlə müqayisədə daha yüksək hesab edilir. Ay ərzində 15 gündən az müddətdə kəskin baş ağrısından əziyyət çəkənlərin şikayəti epizodik miqren, 15 gündən çox baş ağrısı yaşayanların xəstəliyi isə xroniki miqren adlandırılır.
Müalicə insan orqanizmi üçün yad olan maddələri müəyyənləşdirən molekul olan antikorlar vasitəsilə həyata keçirilir.
"New England Journal"da yayımlanan araşdırma nəticələrində qeyd edilir ki, "erenumab" adlı antikor iynə formasında 955 xəstə üzərində tətbiq edilərək vurulub və epizodik miqrendən əziyyət çəkənlərin ağrılı günlərinin sayı 50% azalıb.
"Fremanezumab" adlı antikor isə 1130 xəstə üzərində sınaqdan keçirilib və ağrılı günlərin sayında 41% azalma müşahidə edilib.(Qaynarinfo.az)