Bu gün dünyada qadınlar eləcə də kişilər xarici görünüşlərinə diqqət yetirir, bədənlərinin narazı olduqları hissələri kəsib formasını dəyişdirirlər. Müasir tibbdə cərrahi əməliyyatlar vasitəsilə bir çox estetik və rekonstruktiv əməliyyatlar həyata keçirilir.
Lakin elə olur ki, bəzən cərrahi əməliyyat üçün əks göstəriş verilir, bəzən pasiyent özü cərrahi əməliyyata girməyə qorxur. Bundan əlavə estetik əməliyyatların maddi dəyəri çox yüksək olduğundan hər kəs belə əməliyyatlara müraciət etmək imkanında olmur. Anadangəlmə, müxtəlif qəzalar və xəstəliklər nəticəsində meydana çıxan bir sıra qüsurların aradan qaldırılmasının ən effektiv üsulu cərrahi əməliyyatlardır. Lakin hazırda tibb o qədər çox inkişaf edib ki, üz nahiyəsində olan bir çox qüsurları cərrahi üsul olmadan da aradan qaldırmaq mümkündür. Bu zaman belə insanların köməyinə kosmetoloq-həkimlər çatır. Kosmetoloqlar pasiyentin üzündə olan qüsurları tamamilə və kökündən həll edə bilməsələr də, vizual görüntünü dəyişdirərək müvəqqəti də olsa istənilən nəticəni əldə edə bilirlər.
Kosmetoloqlar dedikdə bəzilərinin ağlına üzdən səpkiləri və ya çilləri təmizləyən gözəllik salonu işçisi gəlir. Amma əslində kosmetoloq-həkimlər insanın üz nahiyəsində iynələrin, sapların köməyi ilə bir sıra görüntü dəyişiklikləri edirlər.
Medicina.az həkim-kosmetoloq Miryusif Əliyevlə müsahibəni təqdim edir:
-Miryusif həkim, bəzi qadınlar üz quruluşlarından narazı olurlar. Amma buna baxmayaraq, cərrahi əməliyyata getməyə də ürək etmirlər. Belə olduqda kosmetoloqlar pasiyentlərə hansı təkliflər edə bilərlər? Cərrahların üz nahiyəsində edəcəyi əməliyyatları kosmetoloji proseduralarla əvəzləmək olarmı?
-Müasir tibb çox inkişaf edib. Bu gün tibbin kosmetologiya sahəsində bir sıra prosedurlar vasitəsilə üz nahiyəsində burun əyriliyinin düzəldilməsi, çənə quruluşunun korreksiyası, üz ovalının sərtləşdirilməsi, dodaqların formasının dəyişdirilməsi, buxağın kiçildilməsi, göz qapaqlarının qaldırılması kimi bir sıra prosedurlar həyata keçirilir. Sadalanan bütün çatışmazlıqlar yalnız inyeksiyaların və sapların köməyi ilə aradan qaldırılır. Dodaqların, yanaqların, çənənin formasının dəyişdirilməsi dolğular vasitəsilə aradan qaldırılır. Dolğular tərkibinə görə süni və təbii olmaqla 2 cür olur. Süni dolğular olan biopolimerlərdən müasir kosmetologiyadan elə də geniş istifadə edilmir. Amma təbii dolğular çox populyardır. Burun əyriliklərinin düzəldilməsi və ucunun dikləşdirilməsi zamanı təbii dolğu kimi gialuron turşusundən istifadə edilir. Bədəndə qalma müddəti ortalama 1 ildir. Normalda insan orqanizmində gioloron turşusu var. Kosmetologiyada tətbiq edilən gialuron turşusu isə laboratoriya şəraitində streptokok bakteriyalarının ifrazatından əldə edilir. Bu maddə sağlamlıq üçün tam təhlükəsizdir. Buna görə də kosmetik peosedurların demək olar ki, heç bir əlavə təsiri müşahidə olunmur.
Kosmetoloqlar dolğulardan burunun təbii əyrilikləri zamanı, rinoplastika əməliyyatının fəsadlarını aradan qaldırmaq məqsədilə istifadə edilir. Çox zaman burun əməliyyatları zamanı burunun üst sümüyü götürüldüyü üçün bir müddət sonra altda olan birləşdirici toxumada çökmə baş verir. Belə olan halda köməyə kosmetik müdaxilələr gəlir. Kosmetik preparatlarla üzdə olan qüsurların 20%-ni gizlətmək mümkündür. Bəzən elə xanımlar olur ki, çox böyük üz cizgilərinə malikdir, amma balaca burun arzulayır. Və ya üzü çox kiçikdir, amma böyük dodaq istəyirlər. Bu isə gələcəkdə bir sıra funksiya pozğunluğuna gətirib çıxarır. Bu cür əməliyyatların fəsadlarını kosmetoloqlar düzəldirlər. Buxaq lipoliz adlanan proses vasitəsilə kiçildilərək formaya salınır. Lipoliz prosesinin daha böyük həcmli forması liposaksiyadır. Buxaq daha zərif nahiyə olduğu üçün ora iynələr vasitəsilə yağ yandıran preparatlar yeridilir və nəticədə parçalanan piy toxuması bədəndən təbii yollarla xaric edilir. Bu proses seanslarla həyata keçirilir və effektiv nəticə əldə edilir.
-Sadaladığınız kosmetoloji prosedurlar kimlərə əks göstərişdir?
-Ümumiyyətlə, kosmetologiyada 18 yaşdan aşağı şəxslər, onkoloji xəstələr, hər gün insulin qəbul edən şəkər xəstələri, hamilələr, psixoloji problemləri olan şəxsləri çıxmaqla hər kəsə etmək mümkündür. Hələ həddi buluğa çatmayan bir insanın üzündə qüsur olsa belə böyüdükcə onlar öz-özündən düzələ və əlavə müdaxiləyə ehtiyac qalmaya bilər. Buna görə də mezoterapiya, botoks kimi prosedurların tətbiqindən əvvəl üz əzələsinin tam inkişaf edərək yerinə oturması vacibdir. Yalnız bundan sonra pasiyentin cərrahi və ya kosmetik müdaxiləyə olduğunu söyləmək olar. Formalaşmaqda olan orqanizmə müdaxilə etmək yolverilməzdir. 18 yaşdan yuxarı sadalanan xəstəliklərdən əziyyət çəkməyən hər kəsə bütün kosmetoloji prosedurları tətbiq etmək mümkündür.
-Pasiyentləriniz arasında kişilər olur?
-Ölkəmizdə kişilərin estetik prosedurlar etdirməsinə bir o qədər də yaxşı baxılmır. Bəzən elə olur ki, burnunun formasını dəyişmək istəyən bəylər çəpər əyriliyindən əməliyyat olunduqlarını bildirib, əslində estetik əməliyyat olunduqlarını gizli saxlayırlar. Amma mənim yanıma dolğu və filler etdirmək üçün müraciət edən kişilərin sayı az da deyil. Əsasən də alın və göz ətrafı bölgədə əmələ gələn qırışları yox etmək üçün kosmetoloqa müraciət edirlər.
-Bir çox insan botoksun yalnız dəridə olan qırışları açmaq üçün tətbiq edildiyini düşünür. Bəs kosmetologiyadan kənar hansı hallarda botoks preparatından istifadə edilir?
-Çox adam botoksla geli qarışdırır. Botoks yeridilən zaman sinir əzələyə impuls göndərə bilmir. Nəticədə əzələ iflic olur. 14 gündən sonra botoksun təsiri keçdikdə biz nəticə kimi iflic olmuş dəri və əzələ ilə üz-üzə qalırıq. Bizə lazım olan nəticə də budur. Məhz bunun sayəsində 4 ay ilə 1 il 6 ay müddətinə istədiyimiz effekti əldə edə bilirik. Botoksun təsiri keçdikdən sonra isə proseduru yenidən təkrarlamaq lazım gəlir. Botoks inyeksiyasından müalicəvi məqsədlə də istifadə edilir. Bunlardan ən çox yayılmışı hiperhidrozdur. Hiperhidroz tər vəzilərinin hiperaktivliyi nəticəsində yaranan patoloji bir haldır. Bu cür insanlar temperaturdan asılı olmayaraq həddən artıq tərləyirlər ki, bu da çox böyük diskomforta səbəb olur. Belə xəstələrdə qolaltı nahiyəyə botoks preparatı yeritməklə sözügedən problemdən qurtulmaq mümkün olur.
Nevropatoloqlar həmçinin botoksdan miqren xəstələrinə də tətbiq edirlər. Ancaq bunu kosmetoloqlar deyil, nevropatoloqlar həyata keçirirlər. Bu zaman boyun əzələlərinə yeridilən botoks preparatı sayəsində başa gedən sinirlər iflic olduğundan miqren ağrılarından birdəfəlik xilas ola bilərlər. İnsult keçirən və üzündə parez (əzələlərdə gücün azalması) yaranan insanlarda, üzün asimetriyası pozulan xəstələrdə yenə də botoks iynələri müalicə məqsədilə tətbiq edilir. Bu zaman üzdə funksional baxımdan heç bir dəyişiklik olmur. Yalnız görüntü olaraq isə istənilən nəticəni əldə etmək mümkündür.
Arzu
Medicina.az