2007-ci il təvəllüdlü Eşqin Abbasov 18.03.2024-cü il tarixində koma vəziyyətində, yüksək hərarət, 68 saturasiya, tənəffüs çatışmazlığı, qıcolma əlamətləri, ağır dərəcəli hipoksiya diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası ilə Təcili tibbi yardım bölməsinə gətirilib.
"Medicina" xəbər verir ki, İntensiv Terapiya şöbəsinin həkimləri tərəfindən xəstəyə baxış keçirilib, süni ventilyasiya cihazına qoşulub. Dərhal xəstə baş-beyin və döş qəfəsi orqanlarının KT müayinəsi olunub. Müayinələrdən sonra pasiyentə ağciyərin yayılmış pnevmoniyası, qızılcanın ağırlaşmış forması və respirator çatışmazlığı diaqnozları qoyulub.
Pasiyentə izolyasiya olunmuş boksda intensiv terapiya tədbirləri görülüb. Üç gündən sonra xəstənin səhhətində yaxşılaşma qeydə alınıb, ASV cihazından ayrılıb, müalicəsini davam etdirmək üçün Uşaq şöbəsinə köçürülüb. Hal-hazırda xəstənin səhhəti yaxşıdır.
Pasiyentin valideynləri göstərilən xidmətə görə başda müəssisənin rəhbərliyinə, İntensiv terapiya bölməsinin müdiri Bəhruz İbrahimova, həkim-reanimatoloqlar Vüqar Zəkəriyəyevə, Famil Musayevə, Leyla Abbasovaya, Uşaq şöbəsinin müdiri Sevinc Cəfərovaya və tibbi heyətə minnətdarlığını bildirib.