Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mingəçevir və Yevlaxda müayinə - 379 qadında süd vəzi xəstəliyi tapıldı

  • 2017.11.01 18:29
  • 13356 Baxış
Mingəçevir və Yevlaxda müayinə -  379 qadında süd vəzi xəstəliyi tapıldı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda süd vəzisinin xərçəngi və prostat vəzi xəstəliklərinin profilaktikasına həsr olunan sağlamlıq həftələri təşkil edib.


Medicina.az xəbər verir ki, bu barədə oxu.az-a Dövlət Agentliyindən məlumat verilib.


Oktyabr ayında baş tutan sağlamlıq həftələri çərçivəsində müayinələrdən keçənlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktika tədbirlərinin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırlanan registr sisteminin məlumatları təhlil edilib.


Məlumata görə, süd vəzisinin xərçəngi sağlamlıq həftələrində sakinlərin aktiv iştirakı müşahidə edilib. Bunu diqqətə alaraq süd vəzisinin xərçənginin yaranması və inkişafına təsir edə biləcək bir sıra xəstəliklərin aşkarlanması məqsədilə əlavə müayinələrin keçirilməsi də təşkil olunub.


Agentlikdən bildirilib ki, süd vəzisi sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 552 qadın tibbi müayinələrdən keçib və ixtisaslı həkimlər tərəfindən onlara müvafiq məsləhətlər verilib. 112 qadına instrumental müayinələrdən, 48 nəfərə isə laborator müayinələrdən keçmək üçün göndəriş verilib.


Müraciət edən vətəndaşların 53 nəfəri 16-25 yaş, 134 nəfəri 26-35, 149 nəfəri 36-45 yaş, 122 nəfəri 46-55 yaş, 86 nəfəri 56-70 yaş arasında, 8 nəfəri isə 70 yaşdan yuxarı olub.


Müraciət edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlif olub: 210 nəfər son 1 ay ərzində, 71 nəfər 3 ay öncə, 49 nəfər son altı ay ərzində, 68 nəfəri 1 il ərzində, 30 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçib. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 30 nəfər təşkil edib. 94 nəfər sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Əldə olunan statistik göstəricilər deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqi ilə pilot ərazilərin sakinlərinin müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunub. Belə ki, ümumi müraciət etmiş 552 nəfərdən 330 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.


Müayinələr zamanı 379 nəfərdə süd vəziləri ilə bağlı patologiyalar və yenitörəmələr aşkarlanıb. Digər müraciətçilərdə süd vəzisi ilə bağlı heç bir patologiya görünməyib.


Sidik-cinsiyyət sistemi xəstəliklərinin erkən aşkarlanması, mümkün qədər tez müalicəyə cəlb edilməsi məqsədilə təşkil edilmiş və prostat vəzi xəstəliklərinin profilaktikasına həsr olunmuş sağlamlıq həftələrində 197 nəfər kişi müxtəlif şikayətlərlə ASM-lərə müraciət edib. Onlardan 54 nəfərə instrumental müayinələrdən, 65 nəfərə isə laborator müayinələrdən keçmək üçün göndəriş verilib.


Müayinələrdən keçənlərin 3 nəfəri 0-15 yaş, 9 nəfəri 16-25 yaş, 36 nəfəri 26-35, 35 nəfəri 36-45 yaş, 36 nəfəri 46-55 yaş, 55 nəfəri 56-70 yaş arasında, 23 nəfəri isə 70 yaşdan yuxarı olublar.


Sakinlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. Belə ki, 62 nəfər şəxs son 1 ay ərzində, 34 nəfər 3 ay öncə, 25 nəfər son altı ay ərzində, 31 nəfəri 1 il ərzində, 9 nəfər isə son 3 il ərzində tibbi müayinələrdən keçmişdir. 36 nəfər sonuncu dəfə 5 və daha çox il öncə tibbi müayinədə olub.


Sidik-cinsiyyət sistemindən şikayətlərlə bağlı müraciət etmiş 197 nəfərin 110-da erkən mərhələdə müxtəlif xəstəliklər (prostatit, uretrit, prostat vəzin adenoması, sistit, pielonefrit və s.) aşkar edilib. Digər müraciətçilərdə sidik-cinsiyyət üzvləri ilə bağlı heç bir patologiya aşkarlanmayıb. Prostat vəzinin xəstəliklərinin profilaktikası üzrə sağlamlıq həftələrinin iştirakçılarına sağlam həyat tərzi, cinsi yolla yoluxan xəstəliklər və sidik-cinsiyyət sisteminin patologiyalarının ilkin əlamətləri haqqında məlumat verilib.


Əhalinin sağlamlığının qorunması, ixtisaslı tibbi müayinələrə əlçatanlığın təmin edilməsi, xəstəliklərin erkən aşkarlanması və ağırlaşmaların qarşısının alınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Onkologiya Mərkəzi (MOM) ilə birlikdə 10-12 oktyabr tarixlərində Yevlax şəhər Ailə Sağlamlıq Mərkəzinin ərazisində yerləşdirilmiş MOM-un Mobil Diaqnostik Kompleksində müayinələr təşkil edib. Kompleksdə ginekoloq, mammoloq, onkoloq, uroloq, radioloq, endokrinoloq və LOR həkim tərəfindən məsləhətlər verilib, rentgenoqrafiya, mammoqrafiya və ultrasəs müayinələri aparılıb.


3 gün ərzində davam edən müayinələr ərzində 482 nəfərə xidmət göstərilib və ümumilikdə 1404 müayinə aparılıb. 88 nəfər mammoqrafiya, 77 nəfər rentgenoqrafiya, 298 nəfər isə ultrasəs müayinəsindən keçib.


Müayinələr zamanı 8 nəfərdə süd vəziləri, 24 nəfərdə qadın cinsiyyət üzvləri (uşaqlıq, uşaqlıq boynu, yumurtalıq və s.), 4 nəfərdə qalxanabənzər vəzi ilə bağlı patologiyalar və yenitörəmələr qeydə alınıb. 10 nəfərdə isə müxtəlif formada sidik-cinsiyyət sistemi ilə bağlı patologiyalar aşkarlanıb.
Mingəçevir və Yevlaxda müayinə -  379 qadında süd vəzi xəstəliyi tapıldı
Mingəçevir və Yevlaxda müayinə -  379 qadında süd vəzi xəstəliyi tapıldı