Orqanizm üçün xeyirli tərəvəzlərdən biri də pərpətöyündür.
Pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Toxumlarının tərkibində piyli yağlar, linol, palmitin, stearin kimi yağ turşuları mövcuddur.
Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumlarından istifadə edilir. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Zəhərli ilan və həşəratların sancması zamanı, qaraciyər və böyrək xəstəliklərində yarpaqlarından istifadə olunur. Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir. Enterokolit və hemorroy zamanı ağrı hissiyyatını aradan qaldırır. Tərkibindəki K vitamin qankəsici təsir göstərir. Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.
Pərpətöyünün mühüm xüsusiyyətlərindən biri də salmonella, dizenteriya və trixomonada kimi xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərməsidir. Ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır.