Uşaqların peyvənd olunma nisbəti ilə bağlı statistika UNICEF və ÜST tərəfindən dərc edilib.
Medicina.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi məlumatlar uşaqların peyvənd nisbətindəki artımın 2023-cü ildə dayandığını göstərir.
Sözügedən məlumatlar uşaqlar üçün ən vacib immunitet vasitələrindən biri olan difteriya, tetanoz və göyöskürək (DTP) peyvəndinin hər 3 dozasını alan uşaqların sayının (108 milyon) 2023-cü ildə sabit qaldığını göstərib.
Digər tərəfdən, bir doza belə peyvənd olunmayan uşaqların sayı 2022-ci ildə 13,9 milyon olduğu halda, 2023-cü ildə bu rəqəm 14,5 milyona yüksəlib.
Bu vəziyyətin səbəbinin səhiyyə xidmətlərindəki axsamalar, maddi-texniki çətinliklər, peyvəndlə bağlı tərəddüdlər və səhiyyə xidmətlərinə çıxışdakı bərabərsizliklər ola biləcəyi diqqətə çatdırılıb.
Məlumatlar həmçinin göstərir ki, qızılcaya qarşı peyvənd nisbətləri də sabit qalıb. Təxminən 35 milyon uşaq ümumiyyətlə peyvənd olunmayıb və ya natamam peyvənd olunub.
2023-cü ildə dünya üzrə uşaqların yalnız 83 faizinin qızılca peyvəndinin ilk dozasını alacağı bildirilərkən, bu rəqəmlərin epidemiyaların qarşısının alınması üçün tələb olunan 95 faizdən geri qaldığı qeyd edilib.
Diqqətə çatdırılıb ki, son 5 ildə qızılca epidemiyası 103 ölkəni əhatə edib, peyvəndlənmənin yüksək olduğu 91 ölkədə isə epidemiya olmayıb.
Aysel