Dünyada “Oropuche” virusundan ilk ölüm halları Braziliyada qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə Braziliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaşı 30-dan aşağı olan iki qadın dang qızdırmasına bənzər əlamətlərlə ölüb.
Nazirlikdən verilən açıqlamada, Braziliyanın şimal-şərqindəki Bahia əyalətindən olan qadınların "30 yaşdan kiçik olduğu, heç bir əlavə xəstəliklərinin olmadığı, lakin ağır bir dang qızdırmasına bənzər simptomlar keçirdikləri bildirilib.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri hazırda Boliviya, Braziliya, Kolumbiya, Kuba və Perunun bəzi bölgələrində “Oropuche”nin yayıldığını bildirir.
Braziliyanın Səhiyyə Nazirliyi 2024-cü ildə “Oropuche” infeksiyasına 7,236 yoluxmanın qeydə alındığını qeyd edib. Yoluxanların əksəriyyəti Amazonas və Rondonia əyalətlərində yaşayanlardır.
Oropouche virusunun (OROV) səbəb olduğu arbovirus xəstəlik insanlara qum milçəyi və ya ağcaqanad dişləmələri ilə ötürülür. Bu günə qədər virusun insandan insana ötürülməsinə dair heç bir sübut yoxdur.
“Oropouche” viral infeksiyasının simptomları milçək və ya ağcaqanad sancmasından dörd-səkkiz gün sonra başlayır. Simptomlar adətən üç-altı gün davam edir. Qızdırma, əzələ ağrıları, oynaqların sərtləşməsi, baş ağrısı, qusma, ürəkbulanma, titrəmə və ya işığa həssaslıq kimi dang qızdırmasına bənzər əlamətlər üzə çıxır. Bəzi hallarda menenjit kimi həyati təhlükəsi olan ağırlaşmalarla nəticələnə bilər.
Aysel