Araşdırma nəticəsində məlum olub ki, supermarketlərdə satılan meyvə və tərəvəzlərin 95%-də xərçəngə səbəb olduğu və ürəyə zərər verdiyi düşünülən zərərli maddələr var.
Medicina.az xəbər verir ki, Böyük Britaniyada hökumətin sınaq proqramı çərçivəsində bəziləri xaricdən gətirilən və satışda olan təzə məhsullar yoxlanılıb.
Çiyələklərin 95 faizində PFAS olduğu təsbit edilib. Həmçinin üzüm (61 faiz), albalı (56 faiz), ispanaq (42 faiz), pomidor (38 faiz) və şaftalıda (38 faiz) da eyni maddə tapılıb.
PFAS adlanan süni maddələr "əbədi kimyəvi maddələr" kimi tanınır, çünki onlar istehlak edildikdən sonra bədəni heç vaxt tərk etmirlər. Onların xərçəng, yüksək xolesterin, böyrək funksiyasının azalması, qalxanabənzər vəzi xəstəlikləri, sonsuzluq, zəifləmiş immunitet sistemi və körpələrin normadan az doğum çəkisi ilə dünyaya gəlməsi kimi ciddi sağlamlıq problemləri ilə əlaqəli olduğu bilinir.
Həmin maddələrin körpələrdə və uşaqlarda böyümə, öyrənmə və davranış inkişafına təsir göstərə biləcəyi də qeyd olunur.
PFAS kimyəvi maddələri pestisidlərdə, yapışmayan tavalarda, geyim, kosmetika, qida qablaşdırması və yanğınsöndürən köpük kimi məişət məhsullarında istifadə olunur.
Böyük Britaniya Pestisidlərlə Mübarizə Şəbəkəsindən Nik Mol deyir ki, PFAS-ı xərçəng kimi ciddi xəstəliklərlə əlaqələndirən artan sübutları nəzərə alsaq, Böyük Britaniya istehlakçılarının bu kimyəvi maddələrdən istifadə etməkdən başqa seçimlərinin olmaması dərin narahatlıq doğurur:
"Biz təcili olaraq bu əbədi kimyəvi maddələrin qəbulu ilə bağlı sağlamlıq risklərini daha yaxşı başa düşməliyik və onları qida zəncirindən çıxarmaq üçün əlimizdən gələni etməliyik".
Aysel