Novosibirsk Dövlət Texniki Universiteti tərəfindən tərəvəz və meyvələrin saxlama müddətini 4 dəfə artıran biogel hazırlanıb.
Medicina.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumata verilib.
Məlumata görə, artıq məhsulun istehsalına da başlanılıb. Biogel Sankt-Peterburqda istehsal ediləcək.
“Biogel qida əlavəsi kimi dövlət qeydiyyatından keçib və onun qida məhsulu kimi təhlükəsizliyini təsdiq edən Avrasiya İqtisadi İttifaqının tələblərinə uyğunluq bəyannaməsi alınıb”, - deyə universitetin yaydığı məlumatda bildirilir.
"Fruktogel" adlanan məhsul bitki və heyvan mənşəli təbii polimerlərə əsaslanır ki, bu da onu qidalar, insanlar və ətraf mühit üçün təhlükəsiz edir.
Gel iki komponentli sistemdən ibarətdir. İkinci komponentin tətbiqi mərhələsində meyvənin səthində onu ətraf mühitin təsirlərindən qoruyan nazik bir təbəqə meydana gəlir.
Bu gel təbəqəsi hətta otaq temperaturunda meyvə-tərəvəzlərin saxlama müddətini dörd dəfə artırmağa imkan verir.
Sintetik polimerlərdən və ya mumdan fərqli olaraq, "Fruktogel" adi su ilə yuyulur və meyvənin qoxusunu dəyişmir.
Məhsulun yaradıcıları bildirirləri ki, onun vasitəsilə meyvələri həm budaqda - məhsul yığımından dərhal əvvəl, həm də qablaşdırma mərhələsində mühafizə etmək olar.
Hazırda universitetin alimləri kəsilmiş məhsulların - meyvələrin, tərəvəzlərin, ətlərin və balıqların qorunması üçün biogeldən istifadənin imkanlarını araşdırırlar.
Bundan əlavə, quru meyvələrin və çərəzlərin dadını, həmçinin təravətini qorumaq üçün də biogeldən istifadə edilməsi nəzərdə tutulur.
Aysel