Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meymunun hücumuna məruz qalan şəxs ölümcül virusa yoluxdu

  • 2024.04.04 22:03
  • 774 Baxış
Meymunun hücumuna məruz qalan şəxs  ölümcül virusa yoluxdu
Honq-Konqda ilk dəfə insanda “Monkey B” virusu aşkar edilib.

Medicina.az xəbər verir ki, vəhşi meymunun hücumuna məruz qaldıqdan sonra ölümcül "Monkey B" virusu diaqnozu qoyulan şəxsin xəstəxanada həyat uğrunda mübarizə apardığı açıqlanıb.

“South China Morning Post” qəzetinin verdiyi məlumata görə, bu barədə Sağlamlığı Mühafizə Mərkəzi məlumat yayıb.
Məlumatda 37 yaşlı kişinin hərarət və huşunu itirmə şikayətləri ilə martın 21-də Tsuen Van şəhərində xəstəxanaya yerləşdirildiyi bildirilib.

Fevralın sonunda Kam Şan Milli Parkına səfəri zamanı vəhşi meymunun hücumuna məruz qalan bu şəxsdə onurğa-beyin mayesinin analizi nəticəsində “Monkey B” virusunun müsbət çıxdığı qeyd olunub.

Açıqlamada sözügedən şəxsin vəziyyətinin hazırda ağır olduğu və müalicəsinin xəstəxananın reanimasiya şöbəsində aparıldığı, iş üzrə araşdırmaların davam etdirildiyi bildirilib.

Həmçinin qeyd olunub ki, Honq-Konqda tez-tez rast gəlinən makaka meymunlarının dişləməsi və ya caynaqlaması yolu ilə insanlara keçən xəstəlik qripə bənzər əlamətlər göstərərək ölümcül mərkəzi sinir sistemi infeksiyasına səbəb olur. Lakin virusun insandan insana keçməsi nadir haldır.

Honq-Konqda ilk dəfə insanlara keçən “Monkey B” virusu hadisəsinə rast gəlindiyi, bununla belə, virusun daha əvvəl ABŞ, Kanada, Çin və Yaponiyada müşahidə edildiyi xatırladılıb.

Honq-Konq səhiyyə orqanları ictimaiyyətə vəhşi meymunlarla təmasdan çəkinmək barədə xəbərdarlıq ediblər. Hər hansı bir dişləmə və ya cızıq halında, çirklənmə riskini azaltmaq üçün təmasda olan ərazini dərhal yumaq tövsiyə edilib.

Qeyd edək ki, insanın "Monkey B" virusuna yoluxması ilə bağlı sənədləşdirilmiş ilk hadisə 1932-ci ildə baş verib.


Aysel