Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meymunçiçəyinin qarşısını necə almalı? - ƏSAS TÖVSİYƏLƏR

  • 2022.06.16 15:21
  • 3019 Baxış
Meymunçiçəyinin qarşısını necə almalı?   - ƏSAS TÖVSİYƏLƏR

Əvvəllər bu infeksiyanın aşkar olunmadığı 32 ölkədə meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar olaraq, səhiyyə sahəsində Beynəlxalq Fövqəladə Hallar Komitəsi iyunun 23-də təcili iclas keçirəcək.



Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bildirib və ekspertlərin meymunçiçəyi xəstəliyinin “beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət” olub-olmadığını müzakirə edəcəklərini əlavə edib. Bu, hazırda COVID-19 və poliomielitlə bağlı mövcud olan ən yüksək təhlükə səviyyəsidir.



Bu il dünyanın 39 ölkəsində meymunçiçəyi xəstəliyinə 1600 təsdiqlənmiş, eləcə də 1500 təsdiqlənməmiş yoluxma halı aşkar edilib. Onlardan yeddisində virus endemik hesab olunur - orada infeksiya illərdən bəri yayılır, 32 ölkəsində isə ilk dəfədir peyda olunub.



Ən azı 72 yoluxma halı ölümlə nəticələnib, lakin onların hamısı əvvəllər meymunçiçəyi xəstəliyinin rast gəlindiyi ölkələrdə qeydə alınıb. “Bu infeksiyanın qlobal yayılması qeyri-adidir və narahatlıq doğurur”, - deyə ÜST rəhbəri Tedros Qebreyesus bildirib.



Avropada virusun yayılma riski “yüksək”, planetin qalan regionlarında isə “orta” kimi qiymətləndirilir. Hazırda alimlər meymunçiçəyi haqqında tam məlumatlı deyil, lakin ÜST vəziyyətin nəzarətdən çıxmasını gözləməyə deyil, artıq bu gün hərəkətə keçməyə üstünlük verir. İlk növbədə, əhalinin maarifləndirilməsini artırmaq təklif olunur.



Meymunçiçəyi xəstə insanla sıx fiziki təmas yolu ilə ötürülür. Dəridən və mayedən götürülən nümunələr yoluxucudur, buna görə də xəstəlik paltar, yataq dəsti, dəsmal və qab-qacaq vasitəsilə yayıla bilər.



Bəzi insanlar infeksiyanı cüzi simptomlarla keçirsələr də, onlar iki-dörd həftə ərzində yoluxucu ola bilərlər. Alimlər bu xəstəliyə asimptomatik olan insanların başqaları üçün təhlükəli olub-olmadığını hələ bilmirlər.



Bəzi ölkələrdə 1980-ci ildə ləğv edilmiş çiçək xəstəliyinə qarşı strateji vaksin ehtiyatları qalıb. Bu birinci nəsil vaksinlər tətbiq edilmək üçün tövsiyə edilmir, çünki onlar mövcud təhlükəsizlik meyarlarına və istehsal standartlarına cavab vermir.


Vaksinlərin daha sonrakı versiyalarından istifadə edilə bilər və onlardan biri meymunçiçəyi xəstəliyinin qarşısının alınması üçün təsdiq edilib. Lakin bu preparatların ehtiyatları məhduddur və ÜST hələ də onlara universal çıxışın təmin edilməsi üzrə strategiyaları müzakirə edir.


“İndiki mərhələdə ÜST kütləvi vaksinasiyanı tövsiyə etmir. Çiçək və ya meymunçiçəyi ilə bağlı vaksinlərin tətbiq edilməsi barədə qərarlar hər bir fərdi halın qiymətləndirilməsindən irəli gələrək verilməlidir", - deyə ÜST-nin bir gün əvvəl dərc edilmiş tövsiyələrində deyilir.


Xəstə ilə təmasda olanlar üçün təmasdan sonra dörd gün ərzində ikinci və ya üçüncü nəsil vaksinlərin profilaktik tətbiq edilməsi tövsiyə olunur.


Ekspertlər risk qrupuna daxil olan tibb işçilərinə və müvafiq laboratoriyaların personalını da vaksinasiya etməyi təklif edirlər.