ABŞ-dan olan aktyor Mett Ford tutulduğu meymunçiçəyi xəstəliyi ilə bağlı təcrübəsini bölüşüb.
“Haber Global”ın məlumatına görə, 30 yaşlı məşhur iyunun 17-də yoluxduğunu və xəstəlik prosesinin çox çətin keçdiyini bildirib.
Aktyorun sözlərinə görə, üzündə sızanağa bənzəyən qabarcıqlar və yaralar əmələ gəlib.
“Yaxın təmasda olduğum dostumun meymunçiçəyi xəstəliyinə tutulduğunu öyrəndim. Dərhal bədənimi yoxladım və bəzi qabarcıqlar gördüm. Onlar dərialtı tüklərə və ya sızanaqlara bənzəyirdi, amma daha iri idi. Ertəsi gün qripə bənzər əlamətlər meydana çıxdı”, - deyə o, bildirib.
Matt Ford ilk günlər yüksək hərarət, öskürək və titrəmə hissinin artdığını, sonrakı günlərdə gecələr həddindən artıq tərlədiyini və bütün bədənində bu sızanaq kimi qabarcıqların görünməyə başladığını deyib.
Onun sözlərinə görə, üzündə və bədəninin müxtəlif nahiyələrində yaranan yaralar zaman keçdikcə ağrılı olmağa başlayıb.
“O qədər ağrı var idi ki, yata bilmirdim. Mən əvvəllər belə bir şey yaşamamışam. Test verdim, nəticə müsbət çıxdı”.
Xəstəliyi dövründə bədəninin müxtəlif yerlərində 25-dən çox qabarcıq və yara meydana gəldiyini deyən aktyor yoluxduqdan 13 gün sonra sağlamlığına qovuşduğunu və bütün qabarcıqların getdiyini bildirib.