Cennifer Lopez və Heidi Klum kimi məşhurların istifadə etdiyi arıqlama metodunun ürək-damar xəstəliklərindən ölüm riskini artırdığı üzə çıxıb.
Medicina.az xəbər verir ki, bir çox məşhur simanın təriflədiyi bu pəhriz ürək xəstəliklərinin 91% artmasına səbəb olur.
Söhbət son zamanlar adını tez-tez eşitdiyimiz bir qidalanma tərzi olan fasiləli orucdan gedir. Arıqlamaq istəyənlərlə yanaşı, eyni çəkidə qalmaq istəyənlərin də seçiminə çevrilən bu üsul heç də deyildiyi kimi sağlamlığa yararlı deyilmiş.
Mayo Klinikasına görə, pəhrizin 16:8 növünə daha çox üstünlük verilir. Bu, Cennifer Eniston kimi məşhurlar tərəfindən də daha çox tövsiyə edilib. Bu pəhrizdə yemək gündə səkkiz saatla məhdudlaşır və insanların qalan 16 saatı oruc tutması gözlənilir.
Maraqlıdır ki, bu cür vaxt məhdudiyyətli qidalanma ilə bağlı əvvəlki araşdırmalar pəhrizin qan təzyiqini, qan şəkərini və xolesterinin səviyyəsini yaxşılaşdıra biləcəyini müəyyən etmişdi.
Lakin Çinin Şanxay şəhərindəki Şanxay Jiao Tonq Universitetinin Tibb Fakültəsindən Viktor Venze Zonqun sözlərinə görə, yeni sübutlar əksini göstərir. Belə ki, 16:8 pəhrizinə riayət edənlərə ürək-damar xəstəliyi diaqnozu qoyulma riski yüksəkdir.
Dr. Zonqun başçılıq etdiyi Amerika Ürək Dərnəyindən bir qrup araşdırmaçı məhdudlaşdırılmış, səkkiz saatlıq rejimə uyğun qidalanmağın uzunmüddətli sağlamlıq təsirlərini tədqiq ediblər.
Amerika Ürək Assosiasiyası Birləşmiş Ştatlarda yaşayan (yarısı kişi, yarısı qadın olmaqla) 20.000-ə yaxın yetkin insanın sağlamlıq nəticələrini təhlil edib. Bu insanların hər birinin yemək vərdişləri orta hesabla 8 il ərzində izlənilib.
İllik 2003-2018 Milli Sağlamlıq və Qidalanma Təhlili Sorğusunda (NHANES) iştirak edənlərin qidalanma nümunələri haqqında məlumatlar araşdırıldıqdan sonra, onlar rəqəmləri 2003-cü ildən 2019-cu ilin dekabrına qədər ABŞ-da ölən insanların məlumatları ilə müqayisə ediblər. Nəticədə məlum olub ki, gündə səkkiz saatdan az yemək vərdişinə riayət edən insanların ürək-damar xəstəliklərindən ölüm riski 91 faiz daha çoxdur.
Hesabatda bu artımın ürək xəstəliyi və ya xərçənglə yaşayan insanlarda da müşahidə edildiyi və fasiləli orucun hər hansı bir səbəbdən ölüm riskini azaltmadığı bildirilib. Bundan əlavə, elm adamları gündə 16 saatdan çox yemək yeyən xərçəng xəstələrinin xərçəngdən ölüm riskinin daha az olduğu qənaətinə gəliblər.
“8 saatlıq, vaxt məhdudiyyətli qidalanma rejiminə əməl edən insanların ürək-damar xəstəliklərindən ölmə ehtimalının daha çox olduğunu görəndə təəccübləndik. Bu pəhriz növü potensial qısamüddətli faydaları ilə məşhur olsa da, araşdırmamız açıq şəkildə göstərir ki, gündə 12-16 saatlıq adi yemək vaxtı ilə müqayisədə daha qısa yemək müddəti daha uzun yaşamaqla əlaqələndirilə bilməz”, - deyə Dr. Zonq bildirib.
Stenford Universitetindən Kristofer D. Qardner isə məsələ ilə bağlı bunları söyləyib:
"Ümumilikdə, bu tədqiqat göstərir ki, vaxt məhdudiyyətli qidalanmanın qısamüddətli faydaları olsa da, uzunmüddətdə mənfi təsirləri üzə çıxa bilər".
Aysel