İsveçrənin Bazel Universitetinin Biomərkəzinin və Basilea Farmakoloji kompaniyasının elmi işçiləri 2 məşhur dərmanın xərçəngi müalicəsində effekt verdiyini sübut edib.
Medicina.az xəbər verir ki, II tip Diabetin müalicəsində istifadə olunan Metformin və Sirosinqopin adlı hipertoniya preparatının kombinasiyasının şiş hüceyrələrini öldürməsi barədə elmi araşdırma hələ 2 il əvvəl aparılmışdı. Amma alimlər başa düşüblər ki, əslində bu necə baş verir.
Məlumdur ki, şiş hüceyrələrinin yüksək sürətlə böyüməsi üçün çox enerji tələb edir. Bu zaman NAD+ kofermenti daim NADH formasından bərpa olmalıdır. Metformin və sirosinqopin məhz bu prosesi blok edir.
Eləcə də çox xərçəng hüceyrələri enerjini qlikolizdən alır. Sirosinqopin bu yolu da blok edərək, bəd hüceyrələrin qarşısını kəsir.
Beləcə, iki preparatın təsiri ilə şiş hüceyrələri boğulur, enerji ala bilmir və ölür.
Alimlər bu kəşfi inkişaf etdirib, bu iki dərmanın tərkibində yeni bir xərçəng əleyhinə dərman yaratmaqla şişin müalicəsində uğurlar əldə ediləcəyinə inanırlar.