Rejissor və ssenarist Rövşən Almuradlı xəstəxanadan evə buraxılıb.
Medicina.az xəbər verir ki, bunu report-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Hikmət Həsənov deyib.
Onun sözlərinə görə, artıq rejissor özünü yaxşı hiss etdiyini dedikdən sonra evə buraxılıb.
Rejissorun səhhəti ilə bağlı oğlu Kamal Almuradlı isə "Report"a bildirib ki, atasının müalicəsinin harada davam etdirilməsinə həkimlər dekabrın 11-də qərar verəcəklər: "Hadisə Sərdar Fərəcovun yubileyi üçün Dövlət Akademik Filarmoniyasına gedərkən baş verib. İçərişəhər metro stansiyasından çıxarkən halı pisləşib və təcili tibbi yardım maşını ilə Bakı Sağlamlıq Mərkəzinə aparılıb. Həkimlərin dediyinə görə, arterial təzyiqi 250 mm c.s. olub və ürəyinə vurub. Səhhəti stabilləşdikdən sonra xəstəxanadan evə gətirdik. Ancaq müalicəsi davam etdirilməlidir".
O, Mədəniyyət və Turizm Nazirliyindən rejissorun səhhəti ilə bağlı heç kimin zəng etməməsindən gileylənib: "Həmişə olduğu kimi, yenə də nə kino, nə də teatr sektorundan məsul şəxslərdən maraqlanan yoxdur. Ancaq rejissorun dostları, xüsusilə də aktyorlar zəng edirlər".