Son günlər səhiyyə sektorunda ciddi mübahisə yaranıb.
Sözügedən məqalə Bakı Medical Plazanın baş həkimi Elxan Bəşirov, Mediland Hospitalın direktoru Qulam Rüstəmzadə, invaziv kardioloq Vüqar Zamanov və digər tanınmış həkimlər tərəfindən paylaşılıb. Bunun ardından Barat Yusubov öz Facebook hesabında buna sərt reaksiya verib.
Barat Yusubov: “Bir həkimin şər və böhtanı tirajlaması şərəfsizlikdir”
“Bir jurnalistin nə yazmağına heç vaxt əhəmiyyət verməmişəm. Onun işi yazmaqdır. Doğru yazarsa, mükafatını alacaq, yalan yazarsa – ya bu dünyada, ya da o dünyada cəzasını çəkəcək. Amma bir həkimin həqiqəti əks etdirməyən, yalnız ehtimallara əsaslanan şər və böhtanı tirajlaması – bu artıq şərəfsizlikdir.”
Barat Yusubovun bu açıqlamaları həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Onun reaksiyasını məqalədə ifşa olunması ilə əlaqələndirənlər olub.
Vüqar Zamanov: “Ən böyük şərəfsizlik budur!”
İlk sərt cavab invaziv kardioloq Vüqar Zamanovdan gəlib. O, Barat Yusifovu birbaşa ittiham edib:
“Ən böyük problem tutduğu postdan (oturduğu kreslodan) istifadə edərək kurasiyasında olan bəzi özəl xəstəxanalara məcburi göndərmələrdir. Bu birbaşa dövlətin milyonlarla manat ayırdığı sığorta sisteminə, digər özəl xəstəxanaların sağlam rəqabətinə xəyanətdir. Təsəvvür edin, 103 (təcili yardım xidməti) infarkt keçirən xəstəni xəstənin istədiyi yerə deyil, məcburi olaraq filankəsin kurasiyasında olan bir yerə aparır.Buna özüm şahidəm. Məncə, ən böyük ŞƏRƏFSİZLİK elə budur…”
Qulam Rüstəmzadə: “Səhiyyə makleri həkimə şərəfdən danışırsa, demək ki, həddini aşıb”
Məsələyə Mediland Hospitalın direktoru Qulam Rüstəmzadə də münasibət bildirib və Barat Yusubovu “səhiyyə makleri” adlandıraraq sərt ittihamlar səsləndirib:
“Bir səhiyyə makleri bir həkimə şərəfdən danışırsa, demək ki, həddini aşıb. Klinikaların adlarının hallanması doğru sayılmaz, çünki hər bir klinikada sözün əsl mənasında “hoca” adlana bilən ixtisasçılar var.
“Amma bu mövzuda yaxın keçmişdə KOBİA təşkilatçılığı ilə İTS, Səhiyyə Nazirliyi, Antiinhisar Xidməti və digər dövlət qurumlarının iştirakı ilə dəyirmi masa keçirilibsə, demək ki, orada toplaşanlar boş-bekar adamlar imiş. Əgər bu gün sığorta tibbinin bütün prinsipləri kökündən təhrif olunursa, Mİ keçirmiş birisi (infarkt və ya insult keçirmiş xəstə) sənəd arxasınca şəhəri dolaşırsa, bu xəstənin “yönləndirilməsini” biznesə çevirənlər ən “şərəflilərdir”.
Müzakirələr davam edir...
Bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər səhiyyədəki bu problemlərin ciddi araşdırılmalı olduğunu bildirir, digərləri isə qalmaqalın peşəkar müstəvidən kənara çıxdığını düşünür.
Hələ ki, Barat Yusubov bu sərt ittihamlara cavab verməyib. Mübahisənin rəsmi səviyyədə hansı nəticələr doğuracağı və səhiyyə qurumlarının bu məsələyə münasibətinin necə olacağı isə maraqla gözlənilir.
Eyni zamanda, məqaləni yayan saytın Barat Yusifovun açdığı təhqir yağışına cavabı da yəqin özünü çox gözlətməyəcək…
Bütün hallarda Barat barıtı bir az çox edib; haranın partlayacağını ehtimal etmək isə çətin deyil.
Nurlan
Medicina.az
Hesab edirəm klinikalarda bu cür halların baş verməsinə çoxdan son qoyulmalıdır, və bu cür həkimlərin peşələrinə xitam verilməlidir . Qanunla nəzərdə tutulan ən ağır cəza verilməlidir. Bu gün Bakı şəhərində demək olar ki, bütün özəl klinikalarda işləyən həkimlərin əksəriyyəti ay ərzində 20-30 min civarında pul qazanır həttda daha çox. Ancaq gözləri doymur dərman firmalarıyla işləyib faiz alır, xəstəni lazım olub olmadığı halda əlavə müayinələrə analizlərə göndərib faiz alır hamısının haram haram xoşu olsun. ALLAHI yaddan çıxardıb axirətin fikirləşməyən bədbəxtlər hamısı sizin, balalarınızın burnundan gələcək inşALLAH