Yüksək xolesterin heç bir simptom olmadan gizli formada irəliləyən və irəlilədikdə böyük risklərə səbəb olan problemlərdən biridir. Damarlarda xolesterin səviyyəsinin artması infarkt, insult kimi ciddi sağlamlıq problemləri riskini artırır. Yüksək xolesterin səviyyələrini normal hədlərə endirməyin ən yaxşı yollarından biri qidalanmaya xüsusi diqqət ayırmaqdır.
Medicina.az xəbər verir ki, bütün bunları nəzərə alan məşhur həkim Dr. Zeyn Hasan sosial media hesabında xolesterini təbii yolla aşağı salan və damarları təmizləyən üç qidanı paylaşıb.
O, xolesterin səviyyəsini nəzarət altında saxlamaq üçün valideynlərinə və xəstələrinə də həmin qidalardan istifadə etməyi məsləhət gördüyünü bildirib. Həkim günə xolesterini azaldan qida ilə başlamağı, bunun üçün də yulaf lopası yeməyi təklif edib. Doktor hətta özünün də günə məhz bu səhər yeməyi ilə başladığını deyib. Onun sözlərinə görə, yulaf lopası böyük miqdarda həll olunan lif ehtiva edir. Lif bədəndə öd turşularına təsir edərək xolesterolu təbii olaraq azaldır.
Doktorun yüksək xolesterini azaltmaq üçün tövsiyə etdiyi digər bir qida isə çərəzlərdir. Qarışıq çərəz ən faydalısıdır. Ancaq hər gün 10-15 ədəd fərqli çərəz də yeyə bilərsiniz. Badam, keşyu fındığı, qoz, fındıq, fıstıq kimi çərəzlər çoxlu lif və zülal ehtiva edirlər.
Həkimin siyahısındakı növbəti qida qrupu isə meyvələrdir. Dr. Zeyn Hasanın sözlərinə görə, hansı meyvələrə üstünlük verdiyinizin əhəmiyyəti yoxdur, seçim tamamilə sizindir:
“Meyvələr antioksidantdır. Onlar bədənimizdəki sərbəst radikalların miqdarını azaldır. Sərbəst radikallar qan laxtalanmasına səbəb olur, bu da damarlarınızda dolaşan xolesterindən qaynaqlanan infarktlara gətirib çıxarır. Bu o deməkdir ki, meyvələr bədəninizdə sərbəst axan xolesterinin infarkta səbəb olma ehtimalını həqiqətən aradan qaldıra bilər. Meyvələr, həmçinin liflə də zəngin olduqları üçün "pis" xolesterinin böyük bir hissəsini bədəndən atmağa kömək olur”.
Gül