Azərbaycan Pedaqoji Universitetinin Quba filialının 20 yaşlı tələbəsi Xankişi Nizami oğlu Mirzəlinin ürəyindən əməliyyat olunarkən dünyasını dəyişdiyini xəbər vermişdik.
Medicina.az xəbər verir ki, yenicag.az saytına açıqlama verən mərhumun atası Nizami Mirzəyev oğlunun müəmmalı ölümündən danışıb.
O, əməliyyata qədər övladının sağlam olduğunu bildirib:
"Oğlumu dekabrın 16-da "Mərkəzi Klinika”ya yerləşdirmişdik. 2013-cü ildə də eyni klinikada ürəyindən əməliyyat olunmuşdu. Sentyabrda müayinəyə getmişdik. Dedilər, yenidən əməliyyata ehtiyac var. Bildirdilər ki, oktyabrda İsveçrədən həkimlər gələcək. Biz də gözlədik. Amma həkimlər dekabrda gəldilər. Əməliyyatdan əvvəl uşağı müayinə etdilər. Dedilər ki, ümumi vəziyyət normaldır, əməliyyat etmək olar. Oğlum ayın 17-də əməliyyat olundu. Bizə də uşağın ölümünü ayın 19-da dedilər. Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Ayın 18-i dedilər hər şey qaydasındadır, bir gün sonra da vəziyyətin ağırlaşdığını bildirdilər. Palataya köçürülməmişdi. Biz əməliyyatdan sonra uşağı görməmişdik. Ölüm ayağında olanda yanına girdik. Sözsüz ki, burda həkim səhlənkarlığı var. Əgər müayinə zamanı problem aşkarlanmışdısa, niyə əməliyyat etdilər? Əməliyyata qədər oğlum sağlam idi. Rahat gəzirdi, danışırdı, təhsil alırdı. Sadəcə, sentyabrda müayinəyə gedəndə dedilər ki, ikinci əməliyyata ehtiyac var. Guya nəfəs yolunda daralma gedir, damar dəyişməliydi. Amma uşağın ölümü damardan olmadı. Bizə "hər şey qaydasındadır” deyilmişdi. Oğlumun hansı səbəbdən öldüyünü bilmədik. Nə istəsələr deyə bilərlər də. Onlara nə var ki? Əməliyyat üçün "Mərkəzi Klinika”ya 19303 manat pul köçürtmüşəm. Geri heç nə qaytarmadılar. Hələ başımız qarışıqdır. Başımız açılandan sonra bu işlə məşğul olacam”.
Qeyd edək ki, Xankişini müayinə edən Mərkəzi Klinik Xəstəxanasının kordioloqu Vəli Behbudov olub.