Bütün arzuları övladları ilə bağlı idi. Zöhrənin, Mətinin universitetə daxil olmasını arzulayırdı. “Qocalanda nəvələrimizi saxlayarıq, uşaqlar da özləri üçün yaşayarlar”, - deyirmiş çox sevdiyi həyat yoldaşı İlahə xanıma. Nəvələrinə necə baxacağının xəyalını qururmuş…
Mərhum jurnalistin həyat yoldaşı İlahə Şükürova Modern.az-ın əməkdaşına Elnurlu xatirələrindən, onunla birlikdə xəyalını qurduğu bitib-tükənməyən arzularından danışıb.
"Çox ağır gün idi, çox... Xəstələnməzdən iki gün öncə halsız, narahat olduğunu dedi. İki gündən sonra hərarəti qalxdı. İlk gündən xəstəliyi çətin keçirdi. Hərarəti yüksək oldu. Altı gün evdə müalicə aldı. Baxmayaraq ki, ilk gündən müalicələrə başlanıldı, amma ciyərlərində 60 faiz buzlaşma yarandı.
Test verdik pozitiv çıxdı. Amma mən testdən qabaq hiss etmişdim ki, koronavirusa yoluxub.
Ən yaxşı həkimlər Elnuru həyata qaytarmaq üçün çalışdılar. Saturasiyası düşəndə təcili xəstəxanaya yerləşdirdik. Gündən-günə vəziyyəti pisləşdi. 50 gün koronavirusla mübarizə apardı Elnur. Çox mübariz adam idi, amma bu dəfə alınmadı”.
İlahə xanım Elnur reanimasiyada olanda cəmi bir dəfə həyat yoldaşını görə bilib. Amma indi ona da peşmandır...
“Sözün açığı hələ də peşmanam. Elnuru heç vaxt o cür görmək istəməzdim. Kaş ki, yaddaşımda necə qalmışdısa, evdən xəstəxanaya necə yola salmışdımsa, o cür də qalardı. Məndən əlavə, qardaşı da 3 dəfə yanına gedib onu gördü.
Yanında olanda çağırdım, gözlərini açdı. Həkim soruşdu ki, tanıdın? Gözlərini “hə” mənasında yumub-açdı. Özümü cəmləşdirib, 1-2 kəlmə ancaq nəsə deyə bildim.
Mənə ən çox təsir edən o oldu ki, heç bir son söz deyə bilmədi. Ağlının ucundan belə keçirmirdi ki, xəstəxanaya gedəndən sonra aqibəti bu cür olacaq”.
İlahə Şükürova özü həkim olduğundan vəziyyətin heç də yaxşı olmadığını anlayırmış. Amma ümidini üzmürmüş:
“Reanimasiyaya götürüləndən sonra vəziyyətində dəyişiklik olmadı. Əksinə, günü-gündən ağırlaşırdı. Həkim olduğumdan hər şeyi aydın görə bilirdim. Amma son dəqiqəyə kimi ümidim var idi. Allahın bir möcüzə edəcəyini gözləyirdim. Elnuru balalarına, mənə, yaşlı ata-anasına, özünün yarım qalan arzularına bağışlaması üçün Allaha dua edirdim. Təəssüf ki, olmadı... Səsimiz, dualarımız bu dəfə Allaha çatmadı...”.