Təhsil nazirinin 13 may 2019-cu il tarixli əmri ilə "Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı” təsdiq edilib.
Medicina.az xəbər verir ki, həmin Planda ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması istiqamətində bir sıra tapşırıqlar nəzərdə tutulur.
Eyni zamanda, bu kimi hallarla bağlı nazirliyə məlumatların operativ olaraq verilməsi, həmin məlumatların qısa zamanda araşdırılması və təhlillər əsasında qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə cari ilin may ayından 146-2 xüsusi (fövqəladə) hallar üçün yeni "Qaynar xətt” xidməti fəaliyyətə başlayıb.
Bununla bağlı ölkənin bütün ümumi təhsil müəssisələrində məlumatlandırma xarakterli elan lövhələri yerləşdirilib.
Təhsil Nazirliyi valideynlərin, məktəb rəhbərlərinin, həmçinin, geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə #MənimləDanış sosial kampaniyasına start verir.