Məktəbyaşlı uşaqların son illər sağlamlığı, orqanizmi üçün problemə çevrilən, valideynlərin narahatlığına səbəb olan və artıq Milli Məclis səviyyəsində müzakirə mövzusuna çevrilən məktəb çantalarının ağırlığı məsələsi hələ də gündəmdədir.
Problemin növbəti tədris ilində Təhsil Nazirliyi tərəfindən həll olunması gözlənilir.
Medicina.az-ın əməkdaşı məktəbli çantalarının beynəlxalq tələblərə görə, hansı çəkidə, ağırlıqda olmasını araşdırıb. Məlum olub ki, dünyada belə bir norma var və bu normaya qonşu ölkələrimiz, hətta Rusiya da əməl edir. Azərbaycan isə nədənsə bu normanı görməzdən gəlir.
Uşaqların çantası və hər bir dərsliyin çəkisi onların yaşına görə təyin olunur və bundan artıq çəki yolverilməz hesab edilir.
Həmin normanı siniflər üzrə təqdim edirik:
I-II sinif şagirdləri üçün – 1,5 kq
III-IV sinif şagirdləri - 2 kq
V-VI sinif şagirdləri– 2,5 kq
VI-VIII sinif şagirdləri -3,5 kq
Yuxarı siniflərdə - 4 -4,5 kq
Hər bir dərsliyin maksimal çəkisi:
İbtidai siniflərdə: 300 qr
V-VI siniflər üçün: 400 qr
VII-IX siniflər üçün: 500 qr
Yuxarı siniflər üçün: 600 qr
Qeyd: ümumilikdə çanta hər uşağın çəkisinin 10% qədərində olmalıdır.
Bu həddi keçmək sağlamlıq üçün təhlükəlidir.
Azərbaycanda isə bu normaya ümumiyyətlə əməl edilmir. Bir maraqlı məqam da ondan ibarətdir ki, siniflər üzrə çəki nisbəti tam tərsinədir. Belə ki, aşağı siniflər məktəbə özlərindən ağır çantada bir tədris günü üçün 4-6 dərslik, əlavə gündəliklər, iş dəftərləri daşıdığı halda, yuxarı sinif şagirdləri əllərində cəmi 1-2 kitabla dərsə gedir.
Aygün Musayeva
Medicina.az