Ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Medicina.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir.
Paytaxtdakı 54 nömrəli tam orta məktəbdə həyata keçirilən dezinfeksiya prosesini KİV nümayəndələri də izləyib.
Məlumat verilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müqavilə əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.
Onu da qeyd edək ki, Təhsil Nazirliyinin 24 fevral 2020-ci il tarixli təlimati məktubunun tələblərinə əsasən, məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılmış, kütləvi tədbirlər və ekskursiyalar məhdudlaşdırılmışdı. Məktəb həkimləri tərəfindən mövsümi respirator xəstəlik əlamətləri müşahidə olunan şagirdlərin ərazi üzrə poliklinikalara yönləndirilməsinə və tibb otaqlarının müvafiq zəruri vasitələrlə təchiz olunmasına nəzarət artırılmışdı.