Yeni dərs ilinin başlanması ilə əlaqədar orta məktəb şagirdlərinin, xüsusilə I sinfə gedən yüzlərlə uşağın sağlamlıq və peyvənd məsələsi gündəmə gəlir.
Əvvəlki nəsil xatırlayır, məktəblərdə sinif-sinif uşaqları elə məktəbin tibb məntəqəsində sıraya düzüb, mantu sınağı qoyurdular. Kimdə inyeksiya yeri 1-2 günə şişirdisə, onu həkim çağırırdı. Uşaqlar üçün qorxulu, bir o qədər də əyləncəli olan bu proses artıq həyata keçirilmir.
Ümumiyyətlə, məktəbdə uşaqların bir hissəsini peyvənd olunmasının, digər qismin isə peyvənd edilməməsinin bir təhlükəsi varmı?
Medicina.az Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevdən məsələ ilə bağlı açlqlama aldı. Professor artıq məktəblərdə mantu kimi sınaqların qoyulmadığını bildirdi:
" Ümumiyyətlə, Azərbaycanda digər ölkələrə nisbətdə qızılca və məxmərək infeksiyalarının geniş yayılması halları yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri də ölkəmizdə özləri yoxlamalar aparıblar və bizə məktub göndərdilər ki, sizi təbrik edirik, Azərbaycanda qızılca, məxmərək, difteriya kimi təhlükə yoxdur. Bu barədə şayiə xarakterli məlumatlar yaymağa ehtiyac yoxdur.
Mantu sınağı, əslində spesifik sınaqdır – vərəmə şübhə olduqda qoyurlar. Artıq ucdantutma hamıya şamil olunmur. Dünyanın heç bir ölkəsində məktəblərdə uşaqlara bu sınaq qoyulmur. Kimdə vərəmə şübhə varsa, onu dispanserə göndərirlər, sınaq qoyulur.
Milli Peyvənd təqvimindəki peyvəndlər isə 6 yaşına kimi artıq poliklinikalarda olunub bitir. Məktəbdə heç bir peyvənd və sınaq qoyulmur.
O ki qaldı, bir məktəbdə peyvəndli-peyvəndsiz uşaqların bir-birinə təsiri məsələsinə... Bizdə uşaqların peyvəndləmə əhatəsi 95%-dir. Ona görə heç bir problem yoxdur”.