- İnfeksion xəstəliklərinin qarşısını almaq üçün hər gün dərs başlamazdan əvvəl şagirdlərin sağlamlıq vəziyyəti yoxlanılacaq. Özünü pis hiss edən, yüksək hərarəti olan şagirdlər məktəbdən uzaqlaşdırılacaq.
Medicina.az Unikal.org-a istinadən xəbər verir ki, artıq Səhiyyə Nazirliyi müəllimlərin və valideynlərin bu narahatlığına son qoymaq üçün tədbirlərə başlayıb. Ölkədəki bütün orta məktəblərdə qrip və kəskin respirator infeksiyaların yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard bildirib ki, özünü pis hiss edən, yüksək hərarəti olan şagirdlər məktəbdən sağalanadək uzaqlaşdırılacaqlar.
Hər gün dərs başlamazdan əvvəl bütün şagirdlərin sağlamlıq vəziyyəti yoxlanılacaq. Şagird sayı çox olan məktəblərdə tibb bacıları ilə yanaşı, sinif rəhbərlərinin də köməyindən istifadə olunacaq. Yoluxma hadisələrinin sayı çox olacağı təqdirdə, məktəblərdə dezinfeksiya işlərinin aparılması üçün göstəriş də verilib.
Həkim-epidemioloqun sözlərinə görəhazırda məktəblərdə virusa yoluxma halları ilə bağlı narahatlıq yoxdur.