Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məktəblərdə oruc tutmayan uşaqlara təzyiq edilir - Tanınmış həkimdən SOS

  • 2025.03.15 13:41
  • 261 Baxış
Məktəblərdə oruc tutmayan uşaqlara təzyiq edilir -  Tanınmış həkimdən SOS

Xəbər verdiyimiz kimi, martın 11-də axşam saatlarında paytaxtın Xətai rayonu, Babək prospekti, 70 ünvanında 13 yaşlı Hüseyn Ələkbərli binanın 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.


Mərhumun babası Ədalət Tanrıverdiyev bildirib ki, hadisə baş verən gün nəvəsi oruc tutubmuş:

"Hüseyn gün ərzində başgicəllənmədən şikayət edirdi. Dəfələrlə dedik ki, orucunu aç, amma razı olmadı. Axşam iftarını açdı, lakin yemək yemədi, yalnız su içdi".

Ə.Tanrıverdiyevin sözlərinə görə, Hüseyn daha sonra eyvana çıxaraq Yel çərşənbəsi münasibətilə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb.

Hadisədən ilk olaraq onun 6 yaşlı bacısı xəbər tutub.

Qeyd edək ki, Hüseyn Bakı şəhəri, Nizami rayonunda yerləşən 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırdı. O, əlaçı idi.

Medicina.az xəbər verir ki, həkim Aydın Əliyev sosial şəbəkə hesabında hadisəyə münasibət bildirib. O, uşaqların oruc tutmasının təhlükəli olduğunu vurğulayıb:

"Uşaqları oruc tutmaqdan çəkindirin! Uşaq orqanizmi böyüklərdən tam fərqlidir. Pediatriyada belə bir söz var: 'Uşaqlar kiçik ölçülü böyüklər deyil!' Böyüklərin orqanizminin əsas ehtiyacı enerji olduğu halda, uşaqların orqanizmi həm karbohidrat, həm zülal, həm də yağlara daha çox ehtiyac duyur. Çünki uşaqlar həm inkişaf edir, həm də böyüyür. Uşaq orqanizminin daim suya, mineral maddələrə, vitaminlərə, karbohidrata, zülala və yağa ehtiyacı var. Bu günlərdə oruc tutduğu üçün həyatını itirən 13 yaşlı uşaq buna acı nümunədir. Təəssüf ki, cəmiyyətdə formaya məzmundan daha çox önəm verilir. Xüsusilə son dövrlərdə 9-15 yaşlı uşaqlar arasında oruc tutmaq və digər xurafatlar təbliğ edilir ki, bu da yolverilməzdir. 18 yaşdan aşağı uşaqların oruc tutması tibbi cəhətdən düzgün deyil. İnsan yalnız əqli cəhətdən tam inkişaf etdikdən və gənclik mərhələsinə qədəm qoyduqdan sonra buna özü qərar verə bilər. Təəssüflə qeyd edirəm ki, son vaxtlar məktəblərdə belə uşaqlar arasında oruc tutmaq təbliğ olunur və oruc tutmayanlara qarşı təzyiqlər müşahidə edilir. Bir çox uşaq basqı altında oruc tutur."