Uşaqlarda bel çantasından düzgün istifadə edilməməsi dayaq-hərəkət sistemində ciddi problemlər yaradır.
Medicina.az xəbər verir ki, yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər övladları üçün bazarlıq edir, məktəb alış-verişinə çıxırlar. Məktəb alış-verişində ən önəmli məsələlərdən biri düzgün çanta seçimidir.
Mütəxəssislər bildirirlər ki, bel çantasından yanlış istifadə bel, boyun ağrıları, onurğa əyriliyi kimi müxtəlif dayaq-hərəkət sistemi problemlərinə səbəb ola bilər.
Bəs doğru çanta seçimi necə olmalıdır?
Türkiyəli mütəxəssis Dr. Ayça Uran Şan məktəblilərə çantaları ilə bağlı xəbərdarlıq edərək, diqqət etmələri lazım olanları sıralayıb:
“Bel çantasının çəkisi uşağın çəkisinin 10 faizindən çox olmamalıdır. Uşağın çəkisinin 40 kiloqram olduğunu nəzərə alsaq, onun istifadə etməli olduğu çantanın maksimum çəkisi 4 kiloqram olmalıdır. Omba nahiyəsinə qədər asılmış kürək çantalarını tövsiyə etmirik. Məktəb çantalarının arxa tərəfində yastıq olmalıdır. Uşaq məktəbə ağır kitab aparacaqsa, bu kitab ən arxa tərəfə qoyulmalıdır. Digər ləvazimatlar çantanın sağ və sol tərəfindəki bölmələrə bərabər paylanmalıdır. Bel çantasında sinə və ya bel kəmərinin olması yükü bədənin bütün hissələrinə bərabər paylamağa kömək edir. Məktəb çantasının iki çiyin qayışı olması vacibdir. Çanta hər iki çiyinə taxılmalı, onu bir çiynində və ya çarpaz bədəndə taxmaqdan çəkinin. Birtərəfli və ya diaqonal olaraq asıldıqda, çantanın yükü onurğanın hər iki tərəfinə bərabər paylana bilməz. Asimmetrik yük paylanması səbəbindən uşaqlar uzun müddətdə bəzi onurğa problemləri ilə üzləşə bilərlər. Çiyin qayışlarının xüsusiyyəti də önəmlidir. Uyğun və düzgün bel çantasının çiyin qayışlarının çantanın ağırlığını hər iki çiyinə bərabər paylamaq üçün nəzərdə tutulması, bərabər uzunluğa, tənzimlənən xüsusiyyətə və dolğu materialına malik olması son dərəcə vacibdir”.
Şan, "Bəzən uşaqlar üçün yastıqsız qayışlı kürək çantaları görürük. Bu hallarda uşaqlarımızın çiyinlərində əzələ və vətər yaralanmasına səbəb ola biləcək şiddətli sıxılma əlamətləri yaşanır" , deyə xəbərdarlıq edib.
Şan çanta ölçüləri barədə də danışıb:
“Çantanın uzunluğu uşağımızın boyu ilə düz mütənasib olmalıdır. Ən böyük çanta həmişə ən yaxşı çanta demək deyil. Bəzən bel çantasının ölçüsü artdıqca içinə atılacaq lazımsız əşyaların da miqdarı artar və uşaqlarımız onurğa sütununda lazımsız yüklərə məruz qala bilər. Əgər məktəbə gedərkən şərait münasibdirsə və yollar yaxşıdırsa, biz bəzən kürək çantalarına alternativ olaraq tutacaqları və ya “daşıyıcı” adlanan təkərləri olan məktəb çantalarını tövsiyə edə bilərik. Bu yolla onurğaya düşən yükü minimuma endirmiş oluruq”.