Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürüb.
Medicina.az xəbər verir ki, hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva noyabrın 5-də "Turan” agentliyinə belə deyib.
1972-ci il təvəllüdlü Oqtay Gülalıyev müxalif görüşləri ilə
tanınır. Demokratik Qüvvələrin Milli Şurasının üzvü, Repressiya və
İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.
2019-cu il oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik
avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada
xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına
görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan
Abdullayevin idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə vurulub.
Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi
yardım göstərildikdən sonra Oqtay Gülalıyev "City Hospital”a köçürülüb,
oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.
Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə
Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. O, hazırda burada müalicə
olunur, koma vəziyyətindədir.
Oqtay Gülalıyevdə beyin əzilməsi baş verib, beyin qişalarında
əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı)
əmələ gəlib. Əməliyyat zamanı hematoma çıxarılıb, amma beyin ödəmi
qalır.
Noyabrın 5-də Firuzə Gülalıyeva bildirib ki, ona Heydər
Əliyev Fondundan zəng edib Oqtayın vəziyyəti ilə maraqlanıblar və
problemlərini soruşublar:
"Mən dedim yalnız keyfiyyətli müalicəyə və
həyat yoldaşımın sağalmasına ehtiyacımız var. Fond nümayəndələri
bildirdilər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər
dəvət olunub, onlar elə bu gün Bakıya gələcəklər”.
Heydər Əliyev Fonduna Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva rəhbərlik edir.