Yəqin ki, kvant fizikası çoxumuza məlumdur. Kvant şüuru isə transendent fəlsəfənin fiziki müstəvidə təzahürüdür. Ağıl heç vaxt predmetə birbaşa aid olmur, həmişə yalnız düşüncəyə bağlıdır və onun vasitəsilə özünəməxsus empirik tətbiqi mövcuddur. Bu halda o, obyektlər haqda heç bir anlayış yaratmır, yalnız onları qaydaya salır və onların maksimal genişlənməsi halında mümkün olan birliyi verir.
Bu barədə kvant psixoloqu Gülnarə İnanc Medicina.az-a açıqlama verib: "Kvant nəzəriyyəsinə görə, hər bir şey maddə və enerjidən ibarətdir. Deməli, insan da maddədən - bədənimiz və enerjidən - ruhdan ibarətdir. Hər bir şey enerjidən yaranır və maddə şəklində təzahür edir. Elə isə insanın da varlığı ruhda yaranır və bədəndə təzahür edir. Bütün proseslər enerji-ruhda baş verir. Kvant psixologiyası kvant şüurunu, yəni ruhu öyrənir. Kvant şüuru sonzsuzdur və maddi bədənlə məhdudlaşmır. Kvant şüuruna ruhun şüuru da demək olar. Bədən şüuru fikir axını ilə formalaşırsa, kvant şüuru fikirdən kənarda, fikir axınının-düşüncənin susduğu andadır. Düşüncəsiz, zamansız, bir məkanda. Kvant şüuru 5 və daha artıq ölçülü bir sahədir. Daha sadə desək, İlahi vəhylərin gəldiyi məqam-İlahi məqam. Əgər xatırlasaq, Məhəmməd peyğəmbər meraca qalxıb, geri dönəndə onun yatağı hələ də isti idi. Amma peyğəmbər meracda 3 ölçülü maddi dünyanın meyarı ilə bir neçə müddət qalmışdı. Amma 5 və daha artıq ölçülü aləmdə zaman və məkan formulu itdiyi üçün saatlar və günlər bir an kimi ola bilər”.
Qeyd edək ki, mütəxəssislər bu barədə illərdir araşadırmalar aparır. Diqqət çəkən məqamlar isə olduqca çoxdur. Bəs, insan necə öz düşüncələrinin müşahidəçisinə çevrilə bilər?
Psixoloqun sözlərinə görə, Kvant şüurunda düşüncə axınından azadlıqda - müşahidəçiyə çevrilirsən: "Kvant nəzəriyyəsinə görə, hər bir şeyi müşahidəçi həll edir. Biz fikir axınından, yəni fiziki varlıqdan aralanaraq, fikirlərin və hadisələrin müşahidəçisinə çevrilirik. Bu halda, biz fikirləri emosiyalardan və hisslərdən qoparır və subyekt halından obyekt halına keçirik. Yəni öz fikirlərimizə kənardan bir obyektə baxan kimi baxırıq”.
Aparılan son tədqiqatlar insanın fikrinin və uyğun hisslərinin onun maddi reallığını formalaşdırdığını təsdiqləyir. Biz necə düşünürüksə, nə hiss ediriksə, onlar bizim reallığımızı formalaşdırır. Əgər insan yalnız neqativ, pessimist fikir və hisslərlə yaşayacaqsa, onun həyatının xoşbəxt olması mümkün deyil. O, ətrafa mən bədbəxtəm informasiyasını göndərir və bu enerjiyə uyğun bir həyat formalaşdırır. Belə bir məsəl var: "Nə əkərsən, onu da biçərsən".
G.İnanc bildirir ki, Kainat bir İlahi şüurdur, insan da Kainatın bir zərrəsi: "İnsan şüuru da bədən şüurundan kənara çıxarsa, sonsuzluğa qədər genişlənə bilər. Bu, nəfəs alıb-vermə prosesini xatırladır. Düşünmədən yaşamaq kvant şüurunun açarlarında biridir. Məsələn, biz bir mətnə baxıb, onu oxumadan dərk edə bilərik. Bir obyektə baxıb, onu şərh etmədən qavraya bilərik. Qeyd etmək lazımdır ki, sürətli oxuma haqda ədəbiyyatlarda bu metodlarlardan istifadə edilir”.
Qeyd edək ki, Kvant psixologiyası kvant fizikası əsasında, insan şüuru ilə bağlı olan bir sahədir. Bu istiqamət 20-ci əsrin 80-ci illərində yaranıb. Kvant şüuru nəzəriyyəsi Amerikanın məşhur alimi, anestezioloq və psixoloq Stüart Hameroff və fizik Rocer Penrouz tərəfindən yaradılıb. Hazırda ABŞ -da fəaliyyət göstərən Kvant Şüuru İnstitutunun yaradıcılarından biri Steven Volinskidir.
Ayna
Medicina.az