Alimlər meditasiyanın psixikaya niyə zərərli ola biləcəyini izah ediblər.
Medicina.az xəbər verir ki, meditasiyanın narahatlıq və depressiyanı pisləşdirə biləcəyi və bəzi psixi pozğunluqlara səbəb ola biləcəyi açıqlanıb.
Koventri Universitetinin eksperimental psixologiya kafedrasının dosenti Miqel Farias “The Conversation”a açıqlamasında tibbi jurnallarda dərc olunan meditasiyanın psixi sağlamlığa təsiri ilə bağlı 55 araşdırmanı həmkarları ilə birgə təhlil etdiklərini deyib.
Alimlər bütün tədqiqatlarda iştirak edən könüllülərin ümumi sayını müəyyən edərək onları iki qrupa ayırıblar.
Birinci qrupa meditasiyanın faydalı təsir göstərdiyi iştirakçılar, ikinci qrupa isə psixi sağlamlığı pisləşənlər daxil edilib.
Məlum olub ki, meditasiyaya cəhd edən insanların təxminən 8%-i arzuolunmaz nəticələrlə üzləşir.
Elm adamları meditasiyanın təhlükəli nəticələri arasında bunların olduğunu bildirirlər: təşviş pozuntusu, depressiyanın kəskinləşməsi, panik atak və intihar düşüncələrinin yaranması.
Bundan əlavə, bəzi insanlar əvvəllər müəyyən edilməmiş narahatlıq və depressiya əlamətlərini hiss etməyə başlayıblar.
Koventri Universitetinin alimləri əlavə ediblər ki, onlar meditasiyadan tamamilə imtina etməyə çağırmırlar. Ancaq meditasiya mütləq nəzarət altında edilməlidir.
Aysel