Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Medilux klinikasında uşağımı öldürdülər...” – Bir ananın Mehriban Əliyevaya tükürpədici müraciəti

  • 2020.02.24 18:40
  • 16789 Baxış
“Medilux klinikasında uşağımı öldürdülər...” –  Bir ananın Mehriban Əliyevaya tükürpədici müraciəti

“Hər şey superdir deyə-deyə, balamı bətnimdə öldürüb, məni də başdan etdilər”


“Şikayət edəcəyimizi bildirəndə, dedi ki, nə istəyirsən elə, sən 2 min verəcəksən, mən 5 min verib, məhkəməni qazanacam”.


Aliyə Əliyeva adlı gənc xanım birinci hamiləliyində uğursuzluqlar yaşayan ilk qadın deyil, amma bətnində 8 aylıq övladının ölməsinə bu 8 ay boyunca yol verilən səhvlər, diqqətsizlik, vaxtında müdaxilə etməmək kimi amillər səbəb olduqda, hara müraciət edəcəyini, haqqını necə bərpa edəcəyini bilmir.

Medicina.az-a daxil olan budəfəki pasiyent şikayəti şəhərin məşhur klinikalarından olan Medilux və ginekoloji bölmənin bir neçə həkimindəndir.

Şikayəti olduğu kimi təqdim edirik:


“25 may 2019-cu ildə mən ilk dəfə hamilə olduğumu biləndən sonra analizlərimi “Uniklinika”da verdim. USM müayinədə hamiləlik görünmədi, çünki müddət çox az idi, ona görə mənə 10 gün sonra gəlməyi məsləhət gördülər. Amma iyunun 5-i məndə ağrı, açılış oldu və yenidən həkimə getdim.

İyunun 27-si növbəti güclü ağrılar başlayanda, Medilux klinikası evimin yaxınlığında olduğu üçün ora getdim. USM müayinədə 8 həftəlik hamiləliyimi təsdiq etdilər və dedilər ki, döl əkiz imiş, bir düşük olub, digəri isə yaşayır.
Bunu eşidəndə çox sevindim. Məni USM edən həkim Gülər İbrahimova öz rəfiqəsi və yaxşı ginekoloq kimi təqdim etdiyi Xuraman Əlibəylini məsləhət gördü.

Xuraman doktorun qəbulunda bütün kağızları göstərdim, hətta əgər bu uşaq üçün də risk və düşük təhlükəsi varsa, nə qədər kiçikdir, aborta razı olduğumu bildirdim.

Amma Xuraman Əlibəyli məni sakitləşdirərək, şifahi olaraq, hər şey yaxşı olacaq deyə arxayın etdi.
Əvvəlki klinikada analizlərimdə infeksiya görsə də, mənə heç bir müalicə təklif etmədi, ümumiyyətlə buna toxunmadı.
Mən ona güvənib, həmin gündən nə analiz, müayinə istədisə yerinə yetirdim, hər dəfə də özəl klinika olduğu üçün dedikləri hər bir məbləği ödəyirdik.


Məni ozonterapiyaya yazdı onu belə etdirdim.
USM 60 manat, dopler 100 manat, EXQ 75 manat, ozon 40 manat, qan analizi 50 man.
Elə düşünürük ki, bahalıdır, deməli yaxşıdır, deməli həkimlər savadlıdır.


Noyabrın 22-də uşağın kəskin hərəkətlərini hiss etdim, dərhal doktora yazdım, dedi belə olur, narahat olma.
Keysəriyyə əməliyyatını isə dekabrın 23-nə təyin etdi.

Mən özüm hesablayanda əməliyyat gününün düz olmadığını gördüm. Sonradan bunun səhv olduğunu digər həkimlər də bildirdi.

Bu barədə ona yazdım, dedi mən həkiməm bilirəm, sən düz hesablamırsan. Yenə heç nə demədim. Amma özümü və bətnimdə uşağı narahat hiss edirdim.


Ağırlaşmış xəstə dövlət xəstəxanasına ayrı həkimə göndərilir

Özüm təkrar USM üçün israr etdim, “Medilüks”də 23 noyabrda səhər USM olundum və mənə dedilər ki, uşaq ölüb.
USM həkimi Xuramana zəng etdik, o isə məni qəbul etmək əvəzinə yoldaşıma dedi, tez onu “Respublikanski” xəstəxanaya çatdır, Nigar həkimlə danışıram, süni doğuşla uşağı götürsün.

Məni Respublika xəstəxanasına gətirdilər, Nigar xanım müayinə etdi, dedi 500 manata başa gələcək hər şey, amma birinci gün gələrsiz. Şənbə, bazar onun istirahət günüdür. Mənə kalsium qlükonat iynəsi yazıb evə göndərdi.
Təsəvvür edin, bətnində ölü uşaqla xəstəni evə göndərir.

Gecə halım çox pisləşdi, qızdırma, titrətmə, dərhal məni başqa xəstəxanaya apardılar, orda döl böyük və ağırlaşma olduğu üçün təcili keysəriyyə əməliyyatı etməli oldular.

24 noyabr səhər əməliyyat olundum. Yoldaşım, ailəm Xuraman həkimə dəfələrlə zəng etsə də, cavab vermədi.
Ölü doğulan körpəni yoldaşıma verdilər ki, dəfn edin. Nə bir səbəb, nə bir müayinə, nə bir ekspertiza -heç nə olunmadı.
Mən özüm isə ağır vəziyyətdə idim, heç nədən xəbərim yox idi.




Biz həkim və klinika məsuliyyətsizliyinin araşdırılmasını tələb edirik.

Dekabrın 4-ü yoldaşımla “Medilux”ə baş verənləri aydınlaşdırmağa getdik.

EXQ müayinəsini edən həkimə düşdük, o bütün müayinələrə baxıb dedi ki, nəyə görə ginekoloq dölyanı suyun analizini etməyib, burda vəziyyət tələb edirdi.
Bütün bu danışıqları qeyd etmişəm.

Sonra yoldaşım Xuraman həkimin yanına getdi. Onun nə səsində, nə üzündə bir qram da peşmançılıq, mərhəmət yox idi. Uşağın tələf olması ilə bağlı təskinlik də vermədi. Kobud şəkildə belə şeylərin baş verə biləcəyini dedi.

Yoldaşım bir həkim kimi ondan narazı qaldığımızı, bu qədər aylarımızın, əziyyətin, maddi xərclərin qarşılığında yaşadıqlarımıza görə Səhiyyə Nazirliyinə şikayət edəcəyini bildirəndə, Xuraman həkim dedi ki, hara istəyirsən, get yaz.

Məhkəmə deyirsən, sənin də vəkilin var, mənim də. Sən 2 min verəcəksən, mən 5 min verib, məhkəməni qazanacam.

I vitse-prezident Mehriban xanıma, Səhiyyə Nazirliyinə məktublar yazdıq.
Məni dekabrın 10-da nazirliyə çağırıb, izahat, müayinə kağızlarının surətlərini aldılar. Ekspertiza, klinika ilə müqavilə istədilər.

Məni ağır vəziyyətdə bu xəstəxanadan o xəstəxanaya daşıyanda nə Xuraman, nə Nigar, nə əməliyyat edən həkim heç bir ekspertiza barədə söz açmayıblar. Biz ilk dəfə idi belə vəziyyətə düşürdük, prosessual qaydaları bilmirik.

Yoldaşım dəfələrlə Xuraman həkimə dedi ki, gəlib əməliyyatı özü etsin, bilirik uşaq tələf olub, amma eybi yox, nə qədər lazımdır ödəyəcəyik, o özünü və işlədiyi klinikanı ölüm faktından xilas etmək üçün bizi başından rədd edib, şəraitsiz, soyuq, kirli dövlət xəstəxanasına, rəfiqəsinin yanına göndərdi.
Mən razı idim ki, uşağımın nədən öldüyünü mənə desinlər.
İndi üstündən aylar keçib, məndən ekspertiza istəyirlər.

Biz həkim və klinika məsuliyyətsizliyinin araşdırılmasını tələb edirik.

Bu klinikada mənim heç adımı düzgün yazmayıblar, USM və EXQ düzgün və dəqiq aparılmayıb, hər ay qanda trombositlər artırdı, Xuraman “həkim” bunu görə -görə tədbir görmürdü.

Bütün müayinələri ona telefonda göndərirəm, deyir sükan arxasındayam, 1 dəqiqə sonra yazır ki, hər şey normal, superdi. Demək olar ki, o analizlərə baxmırdı. 1 dəqiqə içində 8 analizə necə baxmaq olar?
Heç nə yadında qalmırdı, çünki hansı xəstədə nəyə baxdığını bilmirdi.

Səhiyyə Nazirliyi faktları görsə də, axırda güclə qopardığım rəsmi cavabda dedilər ki, biz özəl klinikalara qarışmırıq, müqavilə yoxdur, maddi zərər məsələlərinə də baxmırıq.

Mən tələb etdim ki, orda çalışan həkimlərin kompetentliyini araşdırsınlar, yenə də susurlar. Axı bu həkimlər Azərbaycanda diplom alıb, icazə alıb, işləyir.

Dəfələrlə Medilix”də türk baş həkimin qəbuluna getmişik, yerində tapılmır, hər dəfə köməkçiləri indi yoxdur, gəlməyib, bilmirik nə vaxt olacaq deyib.

Bizim ilk gündən son günə kimi təkcə Medilix”də həkim müayinələri, bahalı dopler, analiz, ozonterapiyalara 4500 manata kimi vəsaitimiz çıxıb. Bu hələ doğuma kimi idi. Doğuş, əməliyyat olsaydı daha çox çıxacaqdı”.

Zərərçəkən bütün rəsmi orqanlara müraciət etdikdən sonra məsələni mətbuatda işıqlandırmaq qərarına gəlib:

“Mən bilmirəm dərdimi kimə deyim. Bütün həyatım məhv olub. Depressiyadayam, psixoterapevt yanına gedirəm, gecələr yata bilmirəm.

Axı mənim kimi onlarla qadının başına belə oyun gətirə bilərlər və bəlkə də gətirirlər.

Biz yenə də Mehriban xanıma yazacağıq. Əlimizdəki müayinə kağızlarına baxan təəccüblənir ki, bu qədər səhvi görmürdülər?! Bütün sübutlarım, yazışmalarım əlindədir. Məhkəmə ilə maddi və mənəvi zərərin ödənməsini tələb etmək istəyirik. Amma hələ bu vaxta kimi Azərbaycanda bir məhkəmənin xəstəyə tərəf olduğunu da görməmişik. Bəlkə də düz deyir, 5-10 min verib işi həll edirlər.

Gücüm ona çatır ki, balamı öldürüb, məni ağır əməliyyata salan və ana olmaq ümidlərimi boşa çıxaran bu dırnaqarası USM həkimi, ginekoloqları, klinikaları ifşa edim ki, digərləri də tanısın. Bəlkə kimsə xilas ola bildi”.