Mədə yanması ümumi bir şikayətdir. Xüsusilə, yeməkdən sonra mədədə və mədənin yuxarı tərəfində yerləşən qida borusunda yanma şikayətləri tez-tez təkrarlanırsa, deməli, həzm sistemində narahatlıqlar var. Evdə mədə yanması sadə üsullarla müalicə edilə bilər. Bununla birlikdə, bu üsullara və həyat səviyyəsindəki dəyişikliklərə baxmayaraq, həftədə iki dəfədən çox mədə yanması hiss edirsinizsə və ya mədə bulanması bir-iki gün davam edərsə, mütəxəssislə məsləhətləşməlisiniz.
Mədədə turşuluq, ya da yanma qida borusunda hiss edilən yanma ilə əlaqəlidir. Yanma yeməkdən sonra, axşam yatarkən və ya əyildikdə daha da şiddətlənir. Bundan əlavə ağızda acı, turş dad hiss olunur.
Mədə yanmasına nə səbəb olur?
Qastroezofageal reflü: Reflü, mədə turşusunun qida borusuna geri qayıtması nəticəsində yaranan bir xəstəlikdir. Bu proses isə mədə yanması, ürək yanması, sinə bölgəsinin yanması, udma çətinliyi və quru öskürəyə səbəb ola bilər. Şokolad, kofein, limon, ədviyyatlı, yağlı və qızardılmış qidalar, sarımsaq, soğan və pomidor xəstəliyi aktivləşdirir.
Qastrit: Qastrit mədənin daxili səthindəki toxuma iltihabıdır. Qastriti olan xəstədə bulantı və köpmə xarakterli şişkinlik də ola bilər. Qastrit müalicə edilmədikdə xoraya çevrilir və bu da son mərhələdə mədə xərçəngi riskini artırır və ya mədə qanamasına səbəb olur.
Helicobacter pylori infeksiyası: Helicobacter pylori mədənin turşu mühitində yaşayan bakteriyadır. Bu bakteriya mədədə yerləşdikdə mədə yanması, ürək bulanması, iştahsızlıq və çəki itkisinə səbəb olur. Cəmiyyətdə çox yayılıb və ən əsası uzun müddət simptomları olmadan inkişaf edir.
Dərmandan istifadə: Xüsusilə steroid olmayan antiinflamatuar dərmanlar qrupuna daxil olan ağrıkəsicilər də mədə yanmasına səbəb ola bilər. Bu dərmanlara misal olaraq aspirin, ibuprofen və naprokseni göstərə bilərik.
Mədə yanması necə müalicə edilir?
Mədə yanmasının müalicəsi zamanı ya mədədəki turşunu neytrallaşdıran, ya da mədədə turşu sekresiyasına mane olan dərmanlardan istifadə edilir. Bunlardan istifadə edərkən xəstələrin həkimlə məsləhətləşməsi vacibdir.
Getdikcə yayılan cərrahı üsullar isə xüsusilə gənc və şikayətləri ciddi olan xəstələrdə istifadə edilir.
Mədə yanması zamanı rahatlanmaq üçün nə edilə bilər?
Xəstəliyi stabilləşdirə biləcək süd, ya da içində turşu olmayan içkilər faydalıdır. Ya da antiasidlər tərzindəki sorma tabletləri kömək edə bilər.
Daha uzun müddətli təsir üçün istifadə edilən dərmanlar histamin blokerləri, ya da proton nasos inhibitorlarıdır.
Antiasidlər tərzindəki dərmanların davamlı istifadə edilməsinin ciddi bir qorxusu yoxdur. Antiasidlərin təsir müddəti çox qısadır. Bir neçə saat çəkə bilər.
Mədə yanmasının olmaması üçün nə edilə bilər?
Mədə yanmasını artıran şikayətlər qarnın içindəki təzyiqin artmasından qaynaqlanır. Dar geyinmək və artıq çəki buna yol verə bilər. Təbii üsullarla çəki atmaq bu şikayətləri ciddi şəkildə azaldır. Dar geyinməkdən və dar kəmərdən istifadə etmək məsləhət deyil.
Ədviyyatlı yeməklər, şokolad, qızartma, həddindən artıq yağlı yeməklər, spirt, kofein, nanəli yemək və içkilər xəstəliyin simptomlarını kəskin artırır.
Hamiləlikdə yaşanan mədə yanmasının qarşısını necə almaq olar?
Hamiləlik zamanı ürəkbulanma halları olur. Səbəbi körpənin aşağıdan böyüyərək mədəyə təzyiq etməsi və mədəni yuxarı doğru itələməsi, bunun nəticəsində də mədə turşusunun yemək borusuna doğru geri qayıtmasıdır.
Hamiləlik zamanı edilə biləcək az müalicə metodu var. Amma yanma şikayəti çoxdursa, ilk mərhələdə antiasidlər tərzindəki dərmanlardan istifadə edərək, mədə turşusunu neytrallaşdırmağa çalışmaq lazımdır. Hamilələr daha kiçik boşqablarda yemək yeməli və mədə doluykən yatmamalıdırlar.