Yeni bir araşdırmaya görə, mədə xərçənginin əlamətləri simptomlar üzə çıxmazdan illər əvvəl, ağız vasitəsilə aşkar edilə bilər.
Ölümcül mədə xərçənginin ən erkən əlamətləri xüsusi hazırlanan tibbi qarqara ilə müəyyən edilə biləcək.
Medicina.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatındakı Rutgers Robert Wood Johnson Tibb Məktəbinin tədqiqatçıları xəstəliyin əlamətlərini tapmaq üçün qarqara üsulundan istifadə ediblər.
Onlar xəstəliyə yoluxmuş insanların ağızlarındakı bakteriyalarda fərqli dəyişikliklər aşkar ediblər. Tədqiqatçılar ağız və mədədəki bakteriya növlərinin bir-biri ilə əlaqəli olduğunu aşkarlayıblar.
Həzm problemlərini araşdırmaq üçün aparılan endoskopiya zamanı 98 xəstədən götürülən bakteriya nümunələri təhlil edilib. 30 mədə xərçəngi xəstəsinin nəticələrinə baxılıb. Həmçinin mədə selikli qişasının iltihabı və incəlməsi kimi xərçəng öncəsi mədə xəstəliklərindən əziyyət çəkən 30 nəfərdən, eləcə də 38 sağlam şəxsdən nümunələr təhlil edilib.
Qeyd edilir ki, bu hallar həmişə xərçəngə səbəb olmur, lakin mədə selikli qişasının iltihabı olan hər 50 nəfərdən birində 20 il ərzində mədə xərçəngi inkişaf edə bilər.
Həkimlər sağlam qrup, xərçəng qrupu və xərçəngdən əvvəlki mərhələdə olan xəstələrin ağız mikrobiomları arasında əhəmiyyətli fərqlər aşkarlayıblar.
Xərçəngdən əvvəlki mərhələdə olanlarla xərçəng xəstələrindən alınan nümunələr arasında az fərq olub. Bu da əhəmiyyətli dəyişikliklərin daha əvvəlki mərhələdə baş verdiyini və aşkar edilə biləcəyini göstərir.
Tədqiqatçılar üç qrup arasında ən əhəmiyyətli fərqləri göstərən 13 bakteriya növünə diqqət yetiriblər. Mədə xərçəngi olanların mikrobiomlarında rothia, leptotrichia və lactobacillus kimi bakteriyaların artdığı müşahidə edilib.
Mədə xərçəngi - dünyada xərçəngdən ölümlərin dördüncü səbəbi - xüsusilə ölümcüldür, çünki simptomlar tez-tez digər, daha az ciddi vəziyyətlərlə qarışdırılır. Buna görə də xəstəlik bədənin digər hissələrinə yayıldıqdan sonra, yəni gec mərhələdə aşkar edilir.
Bəzi tədqiqatlar göstərir ki, gənclər arasında bu xəstəliyə tutulma nisbəti artmaqdadır. Bu, son 20 ildə gənclərdə 300 faizdən çox artmış kolon xəstəlikləri də daxil olmaqla bir çox xərçəng növlərindəki mövcud tendensiyanı əks etdirir.
Aysel