Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.
"Medicina" xəbər verir ki, o, 14-16 sentyabr tarixlərində Qırğızıstan Respublikasında keçiriləcək MDB Ölkələri Pediatrları Federasiyasının “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda X Yubiley Konqresində iştirak edəcək.
Konqresdə MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti Təranə Tağı-zadə Azərbaycanda bioetikanın inkişafı və tibbdə tədrisinin təşkilinə, eləcə də Azərbaycan Pediatrlar Assosiasiyasının 100 ilə yaxın müddətdə ölkəmizdə uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və milli pediatriyanın inkişafında xidmətlərinə dair çıxış edəcək.