Son illər dünyada, eləcə də Azərbaycanda süd vəzi xəstəliklərindən əziyyət çəkənlərin sayı durmadan artır. Bu problemlə üzləşən əksər qadınlara mastopatiya diaqnozu qoyulur və ya süd vəzindəki şiş əməliyyat yolu ilə götürülür.
Mastopatiya nədir? Ümumiyyətlə, bu xəstəliyin yaranmasına və son dövrlər sürətlə artmasına səbəb nədir? Bu haqda ATU-nun Tədris Teraevtik Klinikasının həkimi, radioloq-mammoloq Günel Qəmbərova ilə söhbət etmişik.
-Günel xanım, mastopatiya nədir və niyə belə geniş yayılıb? Kista, bərkimə, düyün – bunların fərqi nədir?
-Mastopatiya - xəstəlik deyil, bu, süd vəzinin bədəndə gedən hormonal prosesə verdiyi cavab reaksiyasıdır. 2017-ci il Avropa Radioloqlar Cəmiyyəti radioloji olaraq mastopatiya diaqnozu qoymagı qadagan edib. Əgər kista və sair şişlər hər aybaşı tsiklindən sonra süd vəzində yaranırsa,növbəti aybaşıya qədər onun ölçüləri dəyişir və ya çoxalırsa, bu proses xəstəlik sayılmır. Ağrı və mastalgik ağrıları götürmək üçün fitoterapiyaya əsaslanan müalicə aparılır.
-Lakin xanımlar törəmənin mövcudluğundan narahat olurlar. Bunun təhlükəsiz olduğunu necə müəyyənləşdirmək olar?
-Təbii, bu məsələdə haşiyəyə çixmaq vacibdir. Aşağıdakı kistalar daha təhlükəlidir: Nəhəng kistlər və ya iltihablaşmış kistlər, Daxilində hansısa naməlum konqlimerat olan kistalar və ən əsası-kist daxili gizlənmış xərçəng. Bu hallarda detallı müayinələr və punktatın histoloji verifikasiyası- əməliyyat, punksiya və s. ilə nəticələnə bilər.
Vurğulamaq istədiyim məsələ, mastopatiya adı altında cəmlənən Adenoz haqqındadır. Adenoz geniş sahəli olduqda daha çox hormonal analizlər aparılır və həmin hormonlarda çıxan dəyişikliyə əsasən müalicə aparılır. Ancaq lokal, yəni süd vəzinin məhdud sahəsində olan adenoz mammoloqlar və onkoloqlar tərəfindən dəqiq araşdırılır. Çünki lokal adenoz sahələrində süd vəzi xərçənginin yaranma ehtimalı 5-9 dəfə çoxdur. Ona görə də USM və mammoqrafiyada lokal adenoz sahələri gördükdə, mütləq onkoloji baxış vacibdir. əgər bu hal şübhəli görünsə, əməliyyat aparılmalıdır.
-Süd vəzində hər hansı narahatlıq olan qadın kimə müraciət etməlidir: ginekoloq, mammoloq, yoxsa onkoloqa?
-Süd vəzidə narahatlıq olan xanım, əlbəttə ki , ginekoloquna müraciət edə bilər. Sonunda süd vəzi qinekoloji bir orqandır. Ancaq , şübhəli bir durum varsa,konkret süd vəzi üzrə ixtisaslaşmış mammoloq və onkoloqlara qadınlar müraciət etsinlər.
Xanımlarımıza məsləhətimiz odur ki, yalnız və yalnız öz həkimlərinə qulaq assınlar, internetdə elmi əsası olmayan xəbər məlumat portallarından qeyri-dəqiq və ya düzgün anlaşılmayan xəbərlərə inanıb hərəkət etməsinlər, müayinəni gecikdirməsinlər. 6 aydan bir USM, ildə bir dəfə isə mammoloq və onkoloqların baxışına getsinlər.
-Süd vəzində aşkarlanan şişin xoşxassəli və ya bədxassəli olduğu necə müəyyənləşdirilir?
-Süd vəzilərdə şişi təyin etmək üçün təbii ki, ilk öncə həkimin palpator və vizual baxışı vacibdir. Bu zaman dəri rəngindən tutmuş, krauze, payra, umblikasiya, kerning və s kimi sirf həkimə bəlli olan simptomlar araşdırılır. Daha sonra radioloji müayinələr- USM və Mammoqrafiya aparılır. Ancaq şiş ücün son diaqnoz histoloji verifikasiya ilə (əkilmə) qoyulur.
-Süd vəzində aşkarlanan şişin müalicəsi necə aparılır? Bu zaman xüsusi pəhriz də saxlamaq tələb olunurmu?
- Bu, şişin citoloji, histoloji verifikasiyasından, dərəcəsindən, ölçüsündən, qonşu və ətraf limfa düyününə olan münasibətindən, xəstənin yaşından, anamnezindən, qonşu üzvlərə nisbəti və digər hallardan asılıdr. Bütün bu və digər məqamlar sırf onkoloq tərəfindən araşdırılır, pasiyentlər qeydiyyata salınır və müalicə taktikası seçilir.
Pasiyentlərin yalnız bir termin bilir - Xərçəng! Ancaq həkimlər üçün xərçəngin daşıdıgı "adlar” fərqlidir.
Yeri gəlmişkən, onu da deyim ki, süd vəzi xərçəngi diaqnozu qoyulmuş bir qadın, qonşusunda və ya yaxınları arasında eyni diaqnozlu xəstəyə yazılmış müalicənin onda da təkrarlanacağını gözləməsin. Hər bir qadın fərdidir, hər süd vəzi və onda olan şiş növü fəqrlidir. Xahiş edirik, yalnız öz həkimlərinizi dinləyin.
-Ümuiyyətlə, sağlam qadın neçə müddətdən bir süd vəzisini müayinə etdirməlidir?
-20 yaşdan yuxarı hər bir qadın hər ay güzgü qarşışında özü öz süd vəzilərini müayinə etməlidir. Heç bir şikayət olmasa belə, 6 aydan bir USM, profilaktik məqsədlə isə 35 yaşdan yuxarı süd vəzi xəstəlikləri üçün qızıl standart sayılan mammoqrafiya müayinəsindən keçməlidir. Bu müayinələr profilaktik məqsədlə aparılır. Əgər şübhəli bir durum varsa, diaqnostik izlənilmə tələb olunursa, bu zaman 3 aydan bir USM, 3-6 aydan bir mammoqrafiya aparılır. Əgər xanımın nəslində süd vəzi xərçəngi xəstəsi olubsa, və ya USM müayinəsinin cavabı qeyri-dəqiqdirsə, belə hallarda mammoqrafiya daha erkən yaşlarda icra olunur.