Vaşinqton Universitetinin alimləri milyarder İlon Maskın “Blindsight” kortikal implantı ilə bağlı verdiyi vədlərin real olmadığını üzə çıxarıblar.
Medicina.az xəbər verir ki, bu barədə məlumat “Scientific Reports” jurnalında dərc olunub.
Xatırladılıb ki, Mask “Blindsight”ın normal insanın görmə qabiliyyətini üstələyə biləcəyini iddia etmişdi. Lakin tədqiqat göstərib ki, bu mümkün deyil. Çünki bir elektrod yalnız bir neyronu stimullaşdırır və gözlənildiyi kimi bir təsvir pikselini təmsil etmir.
Bunu yoxlamaq üçün elm adamları implantın işini yüksək ayırdetmə ilə simulyasiya edən hesablama modeli yaradıblar. Model göstərib ki, 45 000 elektrod olsa belə, 45 min piksel ölçüsündə təsvir bulanıq olur və çətinliklə tanınır. Bunun səbəbi vizual korteksdə hər bir neyronun beynə kiçik bir bölgədəki təsvirlər haqqında məlumat verməsi və neyronların qəbuledici sahələrinin üst-üstə düşərək tək bir işıq nöqtəsinin belə mürəkkəb neyron hovuzunu stimullaşdırmasıdır. Təsvirin aydınlığı fərdi elektrodların ölçüsü və ya sayı ilə deyil, məlumatın beyindəki minlərlə neyron tərəfindən necə təmsil olunduğu ilə müəyyən edilir. Beləliklə, yüksək rezolyusiyaya malik implant yaratmaq üçün təkcə görmə korteksindəki neyronlara elektrodların birləşdirilməsi deyil, həm də neyron kodun - minlərlə hüceyrənin aktivləşməsinin mürəkkəb modelinin yenidən yaradılması tələb olunur.
Qeyd edilir ki, indiyə qədər elm adamlarının kor bir insanda düzgün sinir kodunun necə tapılacağı barədə heç bir fikri yoxdur.
Aysel